İdxaldan asılı olan məhsulların qiymətində hər hansı əlavə xərc birbaşa istehlakçının cibinə təsir edir. Xüsusilə yerli istehsalı olmayan və bazara xaricdən gətirilən mallara idxal rüsumunun tətbiqi qiymət artımını qaçılmaz edə bilər. Belə bir qərar qəbul olunarsa, bahalaşmanın miqyası da rüsumun səviyyəsinə uyğun olacaq.
İqtisadçı Xalid Kərimli hesab edir ki, idxal rüsumunun 15 faiz müəyyən edilməsi həmin məhsulların satış qiymətində də ən azı bu həcmdə artıma səbəb ola bilər.

Onun sözlərinə görə, tütün məmulatları kimi tamamilə idxaldan asılı məhsullarda bu təsir daha qabarıq hiss ediləcək. Çünki idxalçılar gömrük rüsumuna görə yaranan əlavə xərci məhsulun qiymətinə daxil edəcək, nəticədə artım son istehlakçının ödədiyi məbləğdə əksini tapacaq.
“İdxal rüsumu tətbiq olunursa, qiymətlər bahalaşacaq. Bahalaşma da ən azı 15 faiz olacaq. Əgər 15 faizlik rüsum tətbiq ediləcəksə, qiymətlər də minimum bu həddə arta bilər. Çünki tütün məmulatları kimi məhsullar tamamilə idxal olunduğundan, idxalçılar rüsumu birbaşa məhsulun qiymətinə əlavə edəcək və həmin fərqi son istehlakçıdan alacaqlar”, – deyə iqtisadçı bildirib.
Xalid Kərimli vurğulayıb ki, xüsusilə xarici tədarükdən tam asılı olan məhsullarda rüsumun qiymətlərə təsiri daha tez üzə çıxır.