Gənc müəllimləri kəndlərə cəlb etmək üçün 20,9 milyon manat ayrılır

Gənc müəllimləri kəndlərə cəlb etmək üçün 20,9 milyon manat ayrılır
12:15

Tələbələrin təhsil xərclərinin maliyyələşdirilməsi və gənc mütəxəssislərin kənd məktəblərində fəaliyyətə təşviqi üçün 2027-ci ilin dövlət büdcəsində ümumilikdə milyonlarla manat vəsait nəzərdə tutulub.

News365.az xəbər verir ki, deputat Anar İsgəndərov Milli Məclisin noyabrın 17-də keçirilən plenar iclasında gələn ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı təhsil sahəsi ilə bağlı maliyyə məsələlərinə toxunub.

Deputatın sözlərinə görə, gələn il təhsil tələbə kreditlərinin verilməsi məqsədilə 35 milyon manat ayrılması planlaşdırılır. O, xüsusilə aztəminatlı ailələrdən olan tələbələrin bu imkanlardan yararlanmasının vacibliyini vurğulayıb. İsgəndərov ödəmə qabiliyyəti məhdud olan şəxslərin müraciətlərinə həssas yanaşılmasının əhəmiyyətini qeyd edib.

Çıxışda kənd məktəblərinin gənc kadrlarla təminatı məsələsi də diqqətə çatdırılıb. Bildirilib ki, ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş 12 min 600-dən çox gəncin kənd rayonlarındakı ümumi təhsil müəssisələrinə cəlb edilməsi üçün 20,9 milyon manat vəsait ayrılacaq.

Bu vəsait hesabına gənc mütəxəssislərin yol və əmlak daşınması xərcləri, kommunal ödənişləri, eləcə də kirayə haqları kompensasiya ediləcək.

Anar İsgəndərov hesab edir ki, kənd məktəblərində müəllim çatışmazlığının aradan qaldırılması üçün gəncləri bu bölgələrdə işləməyə çağırmaqla kifayətlənmək olmaz. Onun fikrincə, əlavə güzəştlərin və maddi stimulların tətbiqi gənc kadrların regionlarda çalışmağa marağını artıran əsas amillərdən biri olmalıdır.


Sizin reklam burada
Sizin reklam burada