Turizm sektorunda artan kadr ehtiyacının daha qısa müddətdə qarşılanması üçün universitetlərdə təhsil modelinin dəyişdirilməsi təklif olunur. Belə ki, turizm ixtisasları üzrə ali təhsilin 4 ildən 3 ilə endirilməsi gündəmə gətirilib.
News365.az xəbər verir ki, deputat Göydəniz Qəhrəmanov bu təkliflə Milli Məclisin noyabrın 17-də keçirilən plenar iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı çıxış edib.
Deputatın fikrincə, turizm sahəsində mütəxəssislərə artan tələbat nəzərə alınaraq ali təhsil müddətinə yenidən baxılmalıdır. Təhsil müddətinin bir il azaldılması gənclərin daha tez əmək fəaliyyətinə başlamasına, turizm və xidmət sektorunun isə ixtisaslı işçi qüvvəsi ilə təmin olunmasına kömək edə bilər.
Qəhrəmanov çıxışında paytaxtın Yasamal rayonunda ictimai nəqliyyatın vəziyyətini də diqqətə çatdırıb. O bildirib ki, əhalinin sıx yaşadığı, eyni zamanda çoxsaylı universitetlərin yerləşdiyi rayonda xüsusilə dərs saatlarında sərnişin sıxlığı ciddi çətinlik yaradır.
Deputat qeyd edib ki, ali təhsil müəssisələrinin əksəriyyətinin “Elmlər Akademiyası” metro stansiyasının ətrafında yerləşməsi həmin istiqamətdə nəqliyyat yükünü daha da artırır. Bu səbəbdən ərazidə avtobus marşrutlarının sayının çoxaldılması və ictimai nəqliyyat imkanlarının genişləndirilməsi zəruridir.
News365.az