Müşahidələr dərslik layihələrinin ictimai müzakirəsi prosesində vətəndaşların iştirak səviyyəsinin arzuolunan həddə olmadığını göstərir.
Bu barədə News365.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, müzakirələr zamanı gözlənilən nəticə əldə olunmur. Belə ki, dərslik layihələrinin qiymətləndirilməsi zamanı fənn mütəxəssisləri tərəfindən çoxsaylı rəy və təkliflər təqdim edilsə də, ictimaiyyətdən daxil olan müraciətlərin sayı olduqca azdır. Hətta bəzi dərslik layihələri ilə bağlı heç bir rəy və təklif irəli sürülmür.
Məsələn, “Azərbaycan tarixi 7” dərslik layihəsinin qiymətləndirilməsi zamanı fənn mütəxəssisləri tərəfindən 1000-dən çox, ictimaiyyət nümayəndələri tərəfindən isə cəmi 21 rəy və təklif təqdim edilib. “Biologiya 9” dərsliyi üzrə mütəxəssislərdən 530-dan çox, ictimaiyyətdən isə 3 rəy daxil olub. “Riyaziyyat 7” dərslik layihəsi ilə bağlı mütəxəssislər 300-dən çox rəy təqdim etsələr də, ictimaiyyətdən heç bir təklif daxil olmayıb. “Fizika 9” dərslik layihəsi üzrə isə mütəxəssislərin rəylərinin sayı 480-i ötüb, ictimaiyyət tərəfindən isə heç bir rəy bildirilməyib.
Nazirlikdən həmçinin qeyd edilib ki, ictimai iştirakçılığın aşağı səviyyədə olması dərsliklərin geniş ictimai rəy əsasında təkmilləşdirilməsi imkanlarını məhdudlaşdırır.