Bərdədə 200 min nəfərin üz tutacağı yeni xəstəxana tikilsin – Deputatdan təklif

Bərdədə 200 min nəfərin üz tutacağı yeni xəstəxana tikilsin – Deputatdan təklif
12:25

Bərdədə səhiyyə xidmətlərinin əlçatanlığının artırılması üçün yeni və müasir xəstəxana kompleksinin inşasına ehtiyac yaranıb. Təklif olunan tibb müəssisəsinin həm rayon sakinlərinə, həm də ətraf bölgələrdən gələn pasiyentlərə xidmət göstərməsi nəzərdə tutulur.

News365.az xəbər verir ki, deputat Fatma Yıldırım bu məsələni Milli Məclisin noyabrın 17-də keçirilən plenar iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı gündəmə gətirib.

Deputat əvvəlcə ölkənin qarşısında duran iqtisadi və sosial vəzifələrə toxunub. O bildirib ki, Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsi və dəyişən geosiyasi şərait yeni inkişaf perspektivləri açır. Bu imkanlardan səmərəli istifadə üçün büdcə xərclərinin düzgün istiqamətləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi və regionlarda infrastruktur layihələrinin genişləndirilməsi vacibdir.

Fatma Yıldırım dövlət maliyyəsinə nəzarət və şəffaflığın qorunmasında Hesablama Palatasının rolunu da xüsusi qeyd edib.

Rayonun sosial problemlərindən danışan deputat Bərdədə səhiyyə infrastrukturunun yenilənməsini prioritet məsələlərdən biri kimi təqdim edib. Onun sözlərinə görə, rayonda təxminən 200 min nəfər yaşayır. Bundan başqa, ətraf rayonlardan da çoxsaylı vətəndaşlar tibbi yardım almaq üçün Bərdəyə müraciət edirlər.

Bu baxımdan müasir avadanlıqlarla təchiz olunmuş, geniş diaqnostika və müalicə imkanlarına malik xəstəxana kompleksinin yaradılması zəruridir. Deputat belə bir müəssisənin sakinlərin tibbi xidmət almaq üçün böyük şəhərlərə getmək məcburiyyətini əhəmiyyətli dərəcədə azaldacağını bildirib və layihənin dövlət proqramlarında nəzərə alınmasını istəyib.

Çıxışda Bərdənin ictimai nəqliyyat problemi də diqqətdən kənarda qalmayıb. Deputat sərnişindaşımada istifadə olunan avtobusların bir hissəsinin köhnəldiyini və müasir standartlara uyğun olmadığını vurğulayıb.

O, rayonun nəqliyyat sisteminin yenilənməsi, köhnə avtobusların müasir nəqliyyat vasitələri ilə əvəzlənməsi və sərnişinlərə göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi istiqamətində tədbirlərin görülməsini vacib sayıb.

News365.az


Sizin reklam burada
Sizin reklam burada