Neftçalanın bəzi yaşayış məntəqələrində qazlaşdırma problemi hələ də həllini tapmayıb. Rayonun ayrı-ayrı ərazilərində elektrik, içməli su və təhsil infrastrukturu ilə bağlı çətinliklər də sakinlərin gündəlik həyatına təsir göstərir.
News365.az xəbər verir ki, deputat Tənzilə Rüstəmxanlı Milli Məclisdə 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı təmsil etdiyi rayonun həllini gözləyən problemlərini gündəmə gətirib.
Deputat bildirib ki, bu məsələlərin aradan qaldırılması üçün dəfələrlə aidiyyəti dövlət qurumlarına müraciət edib. O, cari il martın 31-də şəxsən baş nazirə də müraciət ünvanladığını xatırladıb.
Rüstəmxanlının diqqət çəkdiyi əsas məsələlərdən biri Qaravəlli massivində qaz təchizatı ilə bağlıdır. Onun sözlərinə görə, eyni yolun bir tərəfində yerləşən evlər təbii qazla təmin olunsa da, qarşı tərəfdə yaşayan ailələr hələ də bu imkandan yararlana bilmirlər.
Yeni Büslək kəndində də qazlaşdırma məsələsi açıq qalır. Deputat qeyd edib ki, kəndin təbii qaz şəbəkəsinə qoşulması üçün ana xətdən 6 kilometr uzunluğunda boru xətti çəkilməlidir. Bunun üçün isə dövlət büdcəsindən müvafiq vəsait ayrılmasına ehtiyac var.
Qaravəlli massivində elektrik enerjisi ilə bağlı problemin həll olunduğunu bildirən deputat “Azərişıq” ASC-nin rəhbərliyinə təşəkkür edib. O, müraciətdən sonra ərazidə elektrik dirəklərinin yeniləndiyini və işıq təchizatındakı ciddi çətinliklərin aradan qaldırıldığını söyləyib.
Deputatın gündəmə gətirdiyi digər məsələ Həsənabad qəsəbəsindəki məktəbin vəziyyəti olub. Yeddi kəndi birləşdirən qəsəbədə yerləşən təhsil müəssisəsinin köhnə və qəzalı vəziyyətdə olduğunu bildirən Rüstəmxanlı binanın əsaslı təmirdən daha çox, yenidən tikintiyə ehtiyacı olduğunu vurğulayıb.
Bununla yanaşı, Həsənabad qəsəbəsində içməli su təminatının da ciddi problem olaraq qaldığını diqqətə çatdırıb.