İnsan niyə Apollonu unudub, Dionisə üz tutur?

İnsan niyə Apollonu unudub, Dionisə üz tutur?
14:20

Müasir insan gündəlik həyatın stressindən, problemlərindən və yorğunluğundan uzaqlaşmaq üçün getdikcə daha çox əyləncəyə üz tutur. Ancaq bu meyl bəzən insanın düşüncə, dərinlik və mənəvi tarazlıq axtarışını arxa plana keçirir. Təhsil eksperti Etibar Əliyev bu vəziyyəti qədim yunan mifologiyasındakı Apollon və Dionis obrazları üzərindən izah edib.

News365.az xəbər verir ki, ekspert qədim yunan mifologiyasında bir-birini tamamlayan bu iki tanrının müasir cəmiyyətin həyat tərzini anlamaq baxımından maraqlı simvollar olduğunu bildirib.

Onun sözlərinə görə, Zevs və Leto nəslindən olan Apollon harmoniya, ağıl, həqiqət və gözəlliyin təcəssümü hesab edilirdi. İncəsənətin himayədarı və muzaların rəhbəri kimi tanınan Apollon sadəlik, nizam və mənəvi bütövlüyü ifadə edirdi. Platon və Parmenidin yanaşmalarında da bu obrazın sadəlik və dəyişməzlik anlayışları ilə əlaqələndirildiyi qeyd olunur.

Dionis isə şərab, bolluq, şənlik və teatr tanrısı kimi tanınırdı. O, insanın emosional dünyasını, sərbəstliyini və həyatın coşğusunu təmsil edirdi. Qədim yunanlar üzüm yığımı mərasimlərində, teatr tamaşalarında, mahnı və rəqslərlə Dionisin adını yad edirdilər. Bu mərasimlərin insanları qorxu və daxili sıxıntılardan uzaqlaşdırmaq məqsədi daşıdığı bildirilir.

Etibar Əliyev vurğulayıb ki, alman filosofu Fridrix Nitsşe də Apollon və Dionis qarşıdurmasına xüsusi fəlsəfi məna verib.

Ekspertin fikrincə, müasir, hətta hipermüasir cəmiyyətdə yaşayan insan stress və çoxsaylı problemlərin təsiri altında Apollonun təmsil etdiyi dəyərlərdən uzaqlaşaraq Dionisə daha çox üz tutur. Başqa sözlə, düşünmək, dərinləşmək və daxili harmoniya yaratmaq əvəzinə əyləncəyə, şənliyə və ani həzzlərə üstünlük verir.

Etibar Əliyev hesab edir ki, müasir insanın əsas problemlərindən biri həyatın bu iki tərəfini uzlaşdıra bilməməsidir. Onun qənaətinə görə, insan Dionisin sevincini və Apollonun dərinliyini eyni anda yaşatmağı bacarmalıdır. Təəssüf ki, müasir cəmiyyət bu tarazlığı qorumaqda çətinlik çəkir.

Ekspert fikrini belə ifadə edib: “İki stulda eyni vaxtda otura bilməzsən”.

News365.az 


Sizin reklam burada
Sizin reklam burada