8 Noyabr – Şuşa şəhəri günü Azərbaycan xalqının milli yaddaşına əbədi həkk
olunmuş tarixi hadisənin, xalqımızın sarsılmaz iradəsinin, qəhrəmanlığının və
milli birliyinin təntənəsidir. Bu tarix yalnız bir şəhərin işğaldan azad edilməsi
deyil, həm də Azərbaycanın ərazi bütövlüyünün və tarixi ədalətin bərpasına
aparan mübarizənin ən parlaq səhifələrindən biridir. Şuşanın azadlığı
xalqımızın illərlə qəlbində yaşatdığı müqəddəs arzunun gerçəkləşməsi, milli
qürurumuzun yenidən yüksəlişi oldu. Prezident,
Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşanın azad olunması ilə bağlı səsləndirdiyi
“Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!”
tarixi müraciəti Azərbaycan xalqının yaddaşında Zəfərin rəmzinə çevrildi. Bu
sözlərdə həm illərin həsrəti, həm döyüş meydanında qazanılmış qələbənin
sevinci, həm də doğma şəhərin yenidən qurulmasına dair qətiyyətli iradə ifadə
olunurdu.
Qarabağ Zəfərinə aparan yol uzun illər ərzində
həyata keçirilən məqsədyönlü dövlət siyasətinin, milli birliyin və güclü dövlət
quruculuğunun nəticəsi idi. Bu prosesin təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən
qoyulmuşdu. Onun siyasi uzaqgörənliyi, dövlətçilik təcrübəsi və Azərbaycanın gələcəyinə
dair strateji baxışı müstəqil dövlətimizin möhkəmlənməsində mühüm rol oynadı. Sonrakı
dövrdə Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasi kurs yeni mərhələdə
uğurla davam etdirildi. Ölkənin iqtisadi potensialı gücləndirildi, beynəlxalq
mövqeləri möhkəmləndirildi, ordu quruculuğu dövlət siyasətinin prioritet
istiqamətlərindən birinə çevrildi. Azərbaycan Ordusu müasir silah və texnika ilə
təchiz edildi, hərbi qulluqçuların peşəkarlığının və döyüş hazırlığının
artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirildi. Bütün bunlar nəticədə
Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək gücündə olan qüdrətli dövlətə
çevrilməsini təmin etdi. BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan
münaqişəsi ilə bağlı qəbul etdiyi və uzun illər icra olunmayan qətnamələrinin həyata
keçirilməsi üçün yaranmış imkanlardan Azərbaycan özü istifadə etdi. Bu Zəfərin əsas
dayaqlarından biri də xalq-ordu-lider birliyi idi. 2020-ci ildə Azərbaycan
xalqı öz rəhbərinin ətrafında sıx birləşərək misilsiz milli həmrəylik nümayiş
etdirdi. Vətən müharibəsi hər bir azərbaycanlının qəlbində vətən sevgisinin,
torpaq təəssübkeşliyinin və milli məsuliyyət hissinin nə qədər güclü olduğunu
bir daha göstərdi.
Vətən müharibəsinin ilk günlərindən Prezident
İlham Əliyev Şuşanın azad edilməsinin xüsusi əhəmiyyətini vurğulayırdı. Dövlət
başçısı dəfələrlə bildirirdi ki, Şuşasız Qarabağ məsələsinin həlli yarımçıq
qalardı. Çünki Şuşa yalnız coğrafi ərazi və strateji mövqe deyil, Azərbaycanın
tarixi yaddaşı, milli mədəniyyəti və mənəvi varlığının ayrılmaz hissəsidir. 44
gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusu böyük qəhrəmanlıq nümayiş
etdirərək işğal altındakı ərazilərimizi bir-bir azad etdi. Döyüşlərin ən mürəkkəb
və həlledici mərhələlərindən biri isə Şuşa əməliyyatı oldu. 2020-ci il noyabrın
əvvəlində Azərbaycan hərbçiləri son dərəcə çətin relyef şəraitində, sıldırım
qayalardan, meşələrdən və dərin dərələrdən keçərək Şuşaya doğru irəlilədilər.
Ağır texnikanın hərəkəti üçün əlverişli olmayan ərazilərdə şəxsi heyətin göstərdiyi
qəhrəmanlıq, yüksək döyüş ruhu və peşəkarlıq hərb tariximizin unudulmaz səhifəsinə
çevrildi. Noyabrın 8-də Şuşanın azad edilməsi xəbəri bütün ölkədə böyük sevinc
və qürur hissi ilə qarşılandı. Bu, Vətən müharibəsinin taleyini müəyyənləşdirən
ən mühüm hadisələrdən biri idi. Şuşa əməliyyatı Azərbaycan əsgərinin gücünü,
iradəsini və Vətən sevgisini bütün dünyaya nümayiş etdirdi.
Prezident İlham Əliyev noyabrın 8-də Şəhidlər
xiyabanından Azərbaycan xalqına müraciət edərək Şuşanın işğaldan azad
edildiyini bəyan etdi. Bu çıxış xalqımızın yaddaşında xüsusi yer tutur. Dövlət
başçısının “Bu, dəmir yumruqdur” ifadəsi isə Vətən müharibəsi dövründə
xalqımızın birliyinin, qətiyyətinin və mübarizə əzminin rəmzinə çevrildi. Şuşanın
azad edilməsi ilə Azərbaycanın hərbi-siyasi üstünlüyü daha da möhkəmləndi.
Noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanat müharibənin dayandırılmasını və
yeni reallıqların formalaşmasını təmin etdi. Lakin Azərbaycan xalqının əsas məqsədi
bununla məhdudlaşmırdı. Qarabağda separatizmin və silahlı qanunsuz birləşmələrin
mövcudluğuna birdəfəlik son qoyulması istiqamətində proses davam etdirildi.
2023-cü il sentyabrın 19-20-də keçirilən antiterror tədbirləri nəticəsində bölgədə
Azərbaycanın suverenliyi tam bərpa olundu. Bununla da Qarabağ Zəfərinin siyasi
və hüquqi nəticələri daha da möhkəmləndi.
Şuşanın azad edilməsi Prezident İlham Əliyev
üçün yalnız dövlət başçısı və Ali Baş Komandan kimi deyil, həm də Ümummilli
Lider Heydər Əliyevin siyasi irsinin davamçısı kimi xüsusi mənəvi əhəmiyyət
daşıyırdı. Dövlət başçısının Şuşanın azad edilməsindən sonra söylədiyi fikirlər
bu tarixi hadisənin mənəvi dəyərini aydın ifadə edir:“Xoşbəxt adamam ki, ata vəsiyyətini
yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir!” 2021-ci il yanvarın
14-də Prezident İlham Əliyevin Şuşaya səfəri və şəhərdə Azərbaycan bayrağını
ucaltması Zəfərin əbədiləşdirilməsinin rəmzi hadisəsinə çevrildi. Üçrəngli
bayrağımızın Şuşada dalğalanması Azərbaycanın dövlət suverenliyinin, milli iradəsinin
və tarixi qayıdışının təntənəsi idi. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı
ilə 8 noyabrın Şuşa şəhəri günü kimi qeyd olunması bu tarixi hadisənin dövlət səviyyəsində
əbədiləşdirilməsinin növbəti ifadəsi oldu. Bu gün Şuşa Zəfəri Azərbaycan
xalqının milli kimliyinin, dövlətçilik düşüncəsinin və vətənpərvərlik ruhunun
mühüm tərkib hissəsidir. Şuşanın azad edilməsi bir daha sübut etdi ki, xalqın
iradəsi, güclü dövlətçilik və milli birlik qarşıya qoyulan ən böyük məqsədlərin
reallaşdırılmasında həlledici amillərdir. Bu Zəfərin qəhrəmanları şəhidlərimiz,
qazilərimiz, döyüşlərdə iştirak edən igid əsgər və zabitlərimizdir. Onların fədakarlığı
heç vaxt unudulmayacaq. Şuşanın hər küçəsi, hər daşı, hər qayası Vətən uğrunda
göstərilən qəhrəmanlığın canlı şahididir. 8 Noyabr Azərbaycan tarixində yalnız
qələbə günü deyil, həm də milli özünüdərkin, mənəvi dirçəlişin və gələcəyə
inamın təntənəsidir. Bu gün azad Şuşada dalğalanan üçrəngli bayrağımız
xalqımızın qürurunu, dövlətimizin qüdrətini və müstəqilliyimizin əbədiliyini təcəssüm
etdirir.
Son illərdə Şuşa beynəlxalq tədbirlərin,
siyasi dialoqun və mədəniyyətlərarası əməkdaşlığın mühüm məkanına çevrilib. Şəhərdə
keçirilən “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı, Vaqif Poeziya Günləri, Şuşa
Qlobal Media Forumları və digər tədbirlər onun beynəlxalq tanınmasına mühüm
töhfə verir. 2021-ci ildə Şuşada Azərbaycan və Türkiyə prezidentlərinin
iştirakı ilə Şuşa Bəyannaməsinin imzalanması şəhərin siyasi tarixində xüsusi
yer tutur. 2024-cü ilin iyulunda Türk Dövlətləri Təşkilatının dövlət
başçılarının qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi və Qarabağ Bəyannaməsinin
imzalanması isə Şuşanın türk dünyasının siyasi və diplomatik həyatında artan
rolunu nümayiş etdirdi. Şuşada müxtəlif dövlətlərin rəhbərlərinin iştirakı ilə
keçirilən görüşlər və mədəni tədbirlər şəhərin beynəlxalq əməkdaşlıq üçün əlverişli
platformaya çevrildiyini göstərir. 2026-cı ilin iyulunda IV Şuşa Qlobal Media
Forumunun təşkili də bu ənənənin davamıdır. Şuşa bu gün öz tarixi missiyasını
yeni məzmunda davam etdirir: o, Azərbaycanın mədəniyyət paytaxtı olmaqla
yanaşı, beynəlxalq dialoq, mədəni diplomatiya və turizm məkanı kimi də inkişaf
edir.
Şuşa azaddır, Şuşa dirçəlir,
Şuşa yaşayır!
Zenfira Nurullayeva
Qara Qarayev adına Mərkəzi İncəsənət
Məktəbinin
xor ixtisası üzrə müəllimi,
Azərbaycan Respublikasının Əməkdar
müəllimi