Şuşa Azərbaycan xalqının tarixində, mədəniyyətində
və mənəvi dünyasında müstəsna yeri olan şəhərdir. Qarabağın tacı, Qafqazın
incisi adlandırılan bu qədim şəhər əsrlər boyu Azərbaycanın ictimai-siyasi, ədəbi-bədii
və mədəni həyatının mühüm mərkəzlərindən biri olub. Şuşanın hər küçəsi, hər məhəlləsi,
hər tarixi abidəsi xalqımızın zəngin keçmişindən xəbər verir. Uzun illər işğal
altında qalan Şuşanın 2020-ci il noyabrın 8-də azad edilməsi şəhərin tarixində
yeni mərhələnin başlanğıcı oldu. Prezident İlham Əliyevin Şuşanın azad olunması
ilə bağlı səsləndirdiyi “Biz səni dirçəldəcəyik!” vədi bu gün real nəticələrlə
təsdiqini tapır. Azad Şuşada həyata keçirilən bərpa-quruculuq işləri,
infrastruktur layihələri, mədəni tədbirlər və məskunlaşma prosesi şəhərin yeni
inkişaf modelini formalaşdırır.
Şuşanın qorunması və inkişafı məsələsi hələ ötən
əsrin 70-ci illərində Ümummilli Lider Heydər Əliyevin diqqət mərkəzində olub.
1977-ci ildə onun təşəbbüsü ilə Şuşanın tarixi hissəsinin tarix-memarlıq qoruğu
elan edilməsi haqqında qərarın qəbul olunması şəhərin mədəni irsinin qorunması
istiqamətində mühüm addım idi. İşğal dövründə Şuşanın tarixi simasına, memarlıq
abidələrinə və mədəni irsinə ciddi ziyan vurulmuşdu. Bir sıra tarixi binalar
dağıdılmış, muzeylər talan edilmiş, dini və mədəni abidələr məqsədli şəkildə məhv
edilmişdi. Şuşanın azad edilməsindən sonra isə şəhərin tarixi görkəminin bərpası
dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi. Prezident İlham
Əliyevin 2021-ci il 7 may tarixli Sərəncamı ilə Şuşa Azərbaycanın mədəniyyət
paytaxtı elan edildi. Həmin il mayın 31-də qəbul edilmiş “Azərbaycanın mədəniyyət
paytaxtı – Şuşa şəhəri haqqında” Qanun isə şəhərin qorunması, bərpası, öyrənilməsi,
inkişafı və təbliği üçün hüquqi və təşkilati əsasları müəyyənləşdirdi.
2022-ci ilin ölkəmizdə “Şuşa İli” elan edilməsi,
2023-cü ildə şəhərin Türk dünyasının mədəniyyət paytaxtı, 2024-cü ildə İslam
dünyasının mədəniyyət paytaxtı seçilməsi Şuşanın beynəlxalq mədəni nüfuzunun
yüksəldiyini nümayiş etdirdi. Şuşanın 2026-cı il üçün İqtisadi Əməkdaşlıq Təşkilatının
turizm paytaxtı elan edilməsi isə şəhərin turizm potensialının beynəlxalq səviyyədə
tanınmasının göstəricisidir. Şuşa artıq yalnız Azərbaycanın deyil, bütövlükdə
türk və islam dünyasının mədəniyyət və turizm məkanlarından biri kimi diqqət mərkəzindədir.
Şuşada aparılan bərpa işlərinin əsas prinsipi
şəhərin tarixi-memarlıq simasının qorunmasıdır. Bu məqsədlə tarixi binaların, məscidlərin,
muzeylərin və digər mədəniyyət nümunələrinin bərpasına xüsusi diqqət yetirilir.
Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün işğal dövründə güllələnmiş
büstlərinin yenidən əvvəlki yerlərinə qaytarılması şəhərin tarixi yaddaşının bərpası
baxımından mühüm hadisədir. Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi,
Bülbülün ev-muzeyi, Üzeyir Hacıbəylinin ev-muzeyi, Mehmandarovların malikanə
kompleksi və digər tarixi məkanlarda aparılan işlər Şuşanın mədəni irsinin
yenidən canlandırılmasına xidmət edir. Aşağı və Yuxarı Gövhərağa məscidləri,
Saatlı məscidi, Mamayı məscidi və Çöl Qala məscidi kimi dini-memarlıq abidələrinin
bərpası da xüsusi əhəmiyyət daşıyır. 2024-cü ildə Şirin su hamamının və Mamayı
məscidinin, 2025-ci ildə Çöl Qala məscidinin bərpadan sonra istifadəyə verilməsi
bu istiqamətdə görülən işlərin ardıcıllığını göstərir. 2026-cı ildə isə
Sadıqcanın evinin bərpadan sonra açılması şəhərin musiqi tarixinin mühüm səhifələrindən
birinin yenidən canlandırılması baxımından əlamətdardır. Şuşada mədəni irsin
qorunması yalnız keçmişin bərpası deyil, həm də gələcək nəsillərə ötürülən
milli-mənəvi dəyərlərin yaşadılmasıdır.
Azad Şuşanın inkişafı yalnız tarixi abidələrin
bərpası ilə məhdudlaşmır. Şəhərdə müasir yaşayış, nəqliyyat, kommunal və sosial
infrastrukturun yaradılması istiqamətində genişmiqyaslı layihələr həyata
keçirilir. Bu layihələrin mühüm istiqamətlərindən biri nəqliyyat əlçatanlığının
təmin edilməsidir. Şuşaya aparan 101 kilometrlik Zəfər Yolu həm hərbi qəhrəmanlığımızın
xatirəsini yaşadan tarixi marşrut, həm də şəhərin inkişafına xidmət edən mühüm
nəqliyyat infrastrukturu layihəsidir. Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu və
onun üzərində inşa olunan tunellər də bölgənin nəqliyyat imkanlarını genişləndirir.
Şəhərin enerji, su və kommunal təminatının yaxşılaşdırılması istiqamətində də əhəmiyyətli
işlər görülüb. “Şuşa” yarımstansiyasının istifadəyə verilməsi, sutəmizləyici
qurğular kompleksinin açılması və rəqəmsal idarəetmə infrastrukturunun
yaradılması şəhərin müasir yaşayış standartlarına uyğun inkişafına şərait
yaradır. Şuşada məktəb, xəstəxana, Dövlət Xidmətləri Mərkəzi, hotel və digər
sosial xidmət obyektlərinin istifadəyə verilməsi sakinlərin rahat yaşayışı üçün
mühüm əhəmiyyət daşıyır. 2025-ci ildə Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin
açılması da bu istiqamətdə atılan mühüm addımlardandır. Şəhərin 2040-cı ilədək
inkişafına dair Baş planının 2024-cü il oktyabrın 21-də təsdiq edilməsi isə gələcək
inkişafın sistemli və uzunmüddətli əsaslar üzərində qurulduğunu göstərir. Baş
planda tarixi şəhər quruluşunun qorunması, təbii landşaftın mühafizəsi, yaşayış
ərazilərinin planlaşdırılması, piyada və velosiped yollarının inkişafı, ictimai
nəqliyyatın əlçatanlığı kimi məsələlər nəzərə alınıb. Bu yanaşma Şuşanın özünəməxsus
tarixi simasını qorumaqla müasir şəhərsalma prinsipləri əsasında inkişaf
etdirilməsini hədəfləyir.
Azad edilmiş ərazilərin bərpası və keçmiş məcburi
köçkünlərin doğma torpaqlarına qayıdışı dövlət siyasətinin əsas prioritetlərindəndir.
Şuşada bu proses xüsusi mənəvi və tarixi əhəmiyyət daşıyır. Çünki doğma şəhərə
qayıdış yalnız yaşayış yerinin dəyişməsi deyil, həm də uzun illər davam edən
ayrılığın sona çatması deməkdir. Şəhərdə 450 mənzildən ibarət 23 binanın sakinlərin
istifadəsinə verilməsi, yeni yaşayış komplekslərinin inşası, mərkəzi küçədə
dövlət-özəl tərəfdaşlığı çərçivəsində yaşayış layihələrinin həyata keçirilməsi
məskunlaşmanın genişlənməsinə xidmət edir. 23 oktyabr 2026-cı il tarixinə olan
məlumata əsasən, Şuşa şəhərində 377 ailə olmaqla 1411 nəfər, Böyük Qaladərəsi kəndində
17 ailə olmaqla 78 nəfər, Kiçik Qaladərəsi kəndində isə 26 ailə olmaqla 90 nəfər
məskunlaşıb. Ümumilikdə, Şuşa şəhəri və ətraf kəndlərdə 420 ailə, 1579 nəfər
yaşayır. Bu rəqəmlərin arxasında illərlə doğma yurd həsrəti çəkmiş insanların
sevinci, ata-baba ocağına qayıdışın yaratdığı mənəvi rahatlıq və yeni həyatın
başlanğıcı dayanır. Şuşanın bərpasının əsas məqsədi şəhərin yalnız fiziki
infrastrukturunu yeniləmək deyil, burada davamlı həyat mühiti yaratmaq, tarixi
sakinlərin qayıdışını təmin etmək və şəhərin sosial-iqtisadi potensialını
inkişaf etdirməkdir.
Bu gün Şuşada görülən işlər Azərbaycanın öz
tarixi irsinə, milli-mənəvi dəyərlərinə və dövlətçilik ənənələrinə sadiqliyinin
bariz nümunəsidir. Şəhərdə həyata keçirilən hər bir bərpa layihəsi, istifadəyə
verilən hər bir sosial obyekt, inşa olunan hər bir yaşayış binası böyük
qayıdışın və dirçəlişin ayrılmaz hissəsidir. Şuşanın tarixi simasının
qorunması, müasir infrastrukturun yaradılması, turizm imkanlarının genişləndirilməsi
və əhalinin doğma yurda qayıdışının təmin edilməsi qarşıdakı illərdə şəhərin
inkişafının əsas istiqamətlərini təşkil edir. Bir vaxtlar işğalın ağır nəticələri
ilə üzləşmiş Şuşa bu gün quruculuğun, mədəni dirçəlişin və milli həmrəyliyin
ünvanına çevrilib. Onun küçələrində yenidən həyat canlanır, tarixi abidələr öz əvvəlki
görkəminə qayıdır, musiqi və poeziya səsləri Cıdır düzündən bütün dünyaya
yayılır. Şuşanın dirçəlişi Azərbaycanın Zəfər tarixinin davamıdır. 2020-ci il
noyabrın 8-də hərbi qəhrəmanlıqla azad edilən şəhər bu gün quruculuq əzmi, mədəni
zənginliyi və gələcəyə yönəlmiş inkişaf strategiyası ilə yenidən yüksəlir. Şuşa
artıq təkcə keçmişimizin yadigarı deyil, həm də müasir Azərbaycanın gücünü,
milli iradəsini və gələcəyə inamını nümayiş etdirən canlı rəmzdir.
8 Noyabr – Şuşa şəhəri günü
mübarək!
Aybəniz Rüstəmova
Avrasiya universitetinin Humanitar fənlər
və regionşünaslıq
kafedrasının müdiri, tarix üzrə fəlsəfə
doktoru, dosent