Azərbaycanda mövcud olan təxminən 2500 məsciddən 1000-də din xadimi fəaliyyət göstərmir. Ölkədə təyin edilmiş din xadimlərinin sayı isə 1300 nəfər civarındadır.
News365.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov parlamentin üç komitəsinin birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, təyin edilmiş din xadimlərinin təxminən üçdə birinin nə ali, nə də orta ixtisas dini təhsili var. Bununla yanaşı, xaricdə dini təhsil alaraq Azərbaycana qayıdanların sayı 3500 nəfər civarındadır.
G.İsmayılov qeyd edib ki, hazırda əsas prioritetlərdən biri bu sahədə ixtisaslı milli kadrların hazırlanmasıdır. Onun sözlərinə görə, Azərbaycanda ali dini təhsil verən yeganə müəssisə Azərbaycan İlahiyyat İnstitutu, orta ixtisas dini təhsil verən müəssisə isə onun tabeliyindəki Bakı İlahiyyat Kollecidir.
Komitə sədrinin müavini bildirib ki, Azərbaycan İlahiyyat İnstitutunun məzunlarından təxminən 50-si ölkədə din xadimi kimi fəaliyyət göstərir. Son bir ay ərzində institutun iki məzunu Türkiyənin Halkalı bölgəsində yerləşən Zeynebiyə məscidinə imam təyin olunub. Bundan başqa, üç məzun Gürcüstanda dini sahədə fəaliyyətə başlayıb.
G.İsmayılov dini təhsil sahəsində Prezident İlham Əliyevin müəyyən etdiyi dörd əsas prinsipə də diqqət çəkib. Bunlar dini təhsilin ödənişsiz olması, qiyabi formada keçirilməməsi, məzhəblərüstü xarakter daşıması, həmçinin qız və oğlan tələbələrin eyni auditoriyalarda təhsil almasıdır.
O, həmçinin dini radikalizm, məzhəbçilik və dini ekstremizmlə mübarizənin, eləcə də milli-mənəvi, tolerantlıq və multikulturalizm dəyərlərinin təbliğinin əsas prioritetlərdən olduğunu vurğulayıb.