Söyüş söymək insana niyə rahatlıq verir? Alimlər səbəbini açıqladı

Söyüş söymək insana niyə rahatlıq verir? Alimlər səbəbini açıqladı
16:06

İnsanlar əsəbiləşdikdə, ağrı hiss etdikdə və ya gərgin vəziyyətə düşdükdə bəzən qeyri-iradi şəkildə söyüş işlədirlər. İlk baxışdan sadəcə kobud ifadə kimi görünən bu davranışın arxasında isə psixoloji və fizioloji səbəblər dayanır. Məlum olub ki, söyüş söymək insana qısamüddətli emosional rahatlıq verə və ağrıya dözümlülüyünü artıra bilər.

News365.az xəbər verir ki, bu barədə “CNBC” İngiltərənin Keele Universitetində aparılan araşdırmalara istinadən məlumat yayıb.

Tədqiqatçıların qənaətinə görə, söyüş işlətmək orqanizmdə təhlükəyə cavab olaraq yaranan “qaç və ya döyüş” reaksiyasını aktivləşdirə bilər. Bu zaman adrenalinin səviyyəsi yüksəlir, nəticədə insanın fiziki ağrıya dözümlülüyündə müvəqqəti artım müşahidə olunur.

Psixoloq Riçard Stefens bildirir ki, söyüşlər sosial davranış qaydalarının yaratdığı məhdudiyyətləri qısa müddətə aradan qaldıra bilir. İnsan bu ifadələrdən istifadə etməklə yığılmış emosional gərginliyi xaric edir və özünü nisbətən sərbəst hiss edir.

Araşdırmada diqqət çəkən digər məqam isə söyüşlərin tez-tez işlədilməsinin onların təsirini zəiflətməsidir. Belə ki, gündəlik ünsiyyətdə davamlı olaraq kobud ifadələrdən istifadə edən insanlarda bu sözlərə qarşı emosional həssaslıq azala bilər.

Nəticədə söyüşün yaratdığı qısamüddətli rahatlama və ağrını azaltma effekti də zəifləyə bilər.

Beləliklə, alimlərin araşdırması göstərir ki, söyüş söyməyin müəyyən situasiyalarda psixoloji və fizioloji təsirləri ola bilər. Lakin bu təsir müvəqqətidir və söyüş stresslə mübarizənin sağlam və davamlı üsulu hesab edilmir.

News365.az


Sizin reklam burada
Sizin reklam burada