Dəyişən dünya nizamında dövlətlərin gücü yalnız iqtisadi və hərbi imkanları ilə deyil, qurduqları strateji tərəfdaşlıqlar və beynəlxalq proseslərə təsir etmək bacarığı ilə də ölçülür. Bu baxımdan türk dövlətləri arasında əməkdaşlığın dərinləşdirilməsi yeni geosiyasi və iqtisadi imkanlar yarada bilər. Lakin tarixi və mədəni yaxınlığın real gücə çevrilməsi üçün ortaq maraqların konkret layihələrlə möhkəmləndirilməsi vacibdir.
News365.az xəbər verir ki, bu fikirləri jurnalist Azər Rəşidoğlu sosial şəbəkə hesabında paylaşımında səsləndirib.
O bildirib ki, Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistanı birləşdirən tarixi, dil və mədəni yaxınlıq artıq yalnız ortaq keçmişin göstəricisi deyil. Bu bağlılıq dəyişən beynəlxalq münasibətlər sistemində müstəqil gələcəyin qurulması üçün ciddi siyasi və iqtisadi potensial yaradır.
Jurnalistin fikrincə, həmin potensialın reallaşması üçün emosional çağırışlar kifayət etmir. İqtisadi maraqların uzlaşdırılması, nəqliyyat və enerji infrastrukturunun inkişafı, müdafiə sənayesi, texnologiya və diplomatik əməkdaşlığın gücləndirilməsi vacibdir. Bu baxımdan Türk Dövlətləri Təşkilatı Avrasiyada mühüm əməkdaşlıq platforması kimi çıxış edə bilər.
Azər Rəşidoğlu vurğulayıb ki, türk dövlətləri arasında birlik hər hansı ölkəyə və ya siyasi bloka qarşı yönəlməməlidir. Əsas məqsəd dövlətlərin suverenliyinə hörmət, bərabərhüquqlu tərəfdaşlıq və ortaq strateji maraqlar əsasında əməkdaşlıq qurmaqdır. Onun qənaətinə görə, Türkiyə, Azərbaycan, Qazaxıstan və Özbəkistanın fərqli maraqlarını ortaq məqsədlər ətrafında uzlaşdırmaq bu prosesin əsas şərtlərindəndir.
Azərbaycanın mövqeyi xüsusi əhəmiyyət daşıyır
Jurnalist hesab edir ki, Azərbaycan türk dövlətləri arasında əməkdaşlığın inkişafında xüsusi mövqeyə malikdir. Türkiyə ilə strateji müttəfiqlik, Mərkəzi Asiya ölkələri ilə tarixi və iqtisadi əlaqələr, Avropa ilə enerji və nəqliyyat əməkdaşlığı ölkəmizə mühüm imkanlar yaradır.
Bu kontekstdə Orta Dəhlizin əhəmiyyətinə diqqət çəkən müəllif Çin və Mərkəzi Asiyadan Xəzər dənizi vasitəsilə Azərbaycana, buradan isə Gürcüstan və Türkiyə üzərindən Avropaya uzanan marşrutun yalnız iqtisadi layihə olmadığını bildirib. Onun fikrincə, bu nəqliyyat xətti region ölkələrinin alternativ əlaqələr qurmaq və geosiyasi asılılıqları azaltmaq imkanlarını genişləndirir.
Azər Rəşidoğlu Zəngəzur istiqamətində kommunikasiyaların açılmasını da regional əməkdaşlıq baxımından mühüm hesab edir. Bununla yanaşı, bütün nəqliyyat bağlantılarının dövlətlərin suverenliyi və beynəlxalq hüquq prinsipləri əsasında qurulmasının vacibliyini vurğulayıb.
Jurnalistin fikrincə, Azərbaycanın xarici siyasətində müxtəlif güc mərkəzləri ilə münasibətlərin paralel inkişaf etdirilməsi və türk dövlətləri ilə əlaqələrin institusional səviyyədə möhkəmləndirilməsi milli maraqlara uyğundur. Lakin bir güc mərkəzindən asılılığı azaltmaq üçün başqa bir gücün təsir dairəsinə düşmək düzgün yanaşma deyil.
Türk dünyasının gələcəyini nə müəyyən edəcək?
Azər Rəşidoğlu yazısında Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanındakı manqurt obrazına da müraciət edib. O, bu obrazın xalqın öz tarixini və yaddaşını qorumasının əhəmiyyətini xatırlatdığını bildirib.
Müəllifin yanaşmasına görə, türk dövlətləri üçün əsas məsələ tarixi bağlılığı qorumaqla yanaşı, onu müasir siyasi və iqtisadi əməkdaşlığa çevirməkdir. Bu birlik ortaq təhlükəsizlik, enerji, ərzaq, nəqliyyat, texnologiya və investisiya imkanları üzərində qurulmalıdır.
O qeyd edib ki, əməkdaşlığın uğuru yalnız siyasi bəyanatlarla deyil, vətəndaşların gündəlik həyatında hiss olunan iqtisadi nəticələrlə ölçülməlidir. Bunun üçün bərabərhüquqluluq, iqtisadi səmərəlilik və siyasi etimad əsas prinsiplər olmalıdır.
Jurnalist Con Oruellin “1984” əsərindəki düşüncə üzərində nəzarət mövzusuna da toxunaraq, milli yaddaşın və müstəqil iradənin qorunmasının vacibliyini önə çəkib.
Azər Rəşidoğlunun qənaətinə görə, türk dövlətlərinin qarşısında yeni imperiya yaratmaq deyil, öz vətəndaşlarının rifahını yüksəltmək, müstəqilliklərini qorumaq və beynəlxalq siyasətdə söz sahibi olmaq vəzifəsi dayanır.
Müəllif hesab edir ki, türk dünyasının əsas hədəfi tarixi qohumluğu siyasi iradəyə, siyasi iradəni iqtisadi gücə, iqtisadi gücü isə müstəqil gələcəyə çevirmək olmalıdır.