ABŞ-da keçirilən aralıq seçkilərində Miçiqan ştatından senator seçilən Abdul Əl-Səidin (Abdul El-Sayed) qələbəsi Azərbaycanın ABŞ-dakı maraqları baxımından diqqətlə izlənilməli siyasi hadisələrdən biridir. Çünki onun seçki kampaniyası dövründə səsləndirdiyi fikirlər, erməni lobbisi ilə qurduğu münasibətlər və Ermənistanın maraqlarını müdafiə etmək barədə verdiyi vədlər gələcək siyasi fəaliyyətinin hansı istiqamətdə formalaşa biləcəyinə dair müəyyən təsəvvür yaradır.
Əl-Səidin siyasi portretində diqqət çəkən əsas məqamlardan biri onun Ermənistan və erməni icmasının maraqlarına açıq dəstək nümayiş etdirməsidir. Təsadüfi deyil ki, ABŞ-dakı ən fəal erməni lobbi təşkilatlarından biri olan Amerika Erməni Milli Komitəsi (ANCA) onun namizədliyini dəstəkləyib. Təşkilatın oktyabrın 1-də açıqladığı mövqedə Əl-Səidin erməni icmasının maraqlarını müdafiə edən namizəd olduğu xüsusi vurğulanıb.
Əl-Səidin Azərbaycanla bağlı mövqeyi isə onun erməni lobbisi ilə siyasi yaxınlığının konkret ifadəsidir. O, seçki kampaniyası zamanı ABŞ administrasiyasının Azərbaycana hərbi yardımını kəskin tənqid edərək bunu beynəlxalq hüququn pozulması kimi təqdim edib. Daha da irəli gedərək senator seçiləcəyi təqdirdə erməni xalqının təhlükəsizliyini, ləyaqətini və öz müqəddəratını təyin etmək hüququnu müdafiə edəcəyini bəyan edib.
Burada diqqətçəkən məqam ondan ibarətdir ki, Əl-Səid ABŞ-ın Azərbaycana münasibətdə siyasətini tənqid etməklə kifayətlənməyib, özünün gələcək senator fəaliyyətini Ermənistanın və erməni xalqının maraqlarının müdafiəsi ilə əlaqələndirib. Bu isə onun xarici siyasət prioritetlərinin müəyyən hissəsinin erməni diasporunun siyasi gündəliyi ilə üst-üstə düşdüyünü göstərir.
Əlbəttə, ABŞ-da hər bir siyasətçinin müəyyən icmaların dəstəyini qazanması demokratik siyasi prosesin tərkib hissəsidir. Miçiqanda böyük və köklü erməni icmasının mövcudluğu da bu baxımdan əhəmiyyətlidir. Lakin məsələ yalnız seçki dəstəyindən ibarət deyil. Söhbət regionun mürəkkəb geosiyasi reallıqlarına münasibətdə birtərəfli siyasi yanaşmanın nümayiş etdirilməsindən gedir.
Əl-Səidin mövqeyində Azərbaycan-Ermənistan münasibətlərinin bütün tərəflərinin, o cümlədən Azərbaycanın suverenlik, təhlükəsizlik və ərazi bütövlüyü ilə bağlı legitim maraqlarının necə nəzərə alınacağı açıq sual olaraq qalır. Ermənistanın təhlükəsizliyini müdafiə etmək hüququ olduğu kimi, Azərbaycanın da öz milli maraqlarını və təhlükəsizliyini müdafiə etmək hüququ var. Beynəlxalq hüquqa istinad edən siyasətçi bu prinsipi bütün dövlətlərə münasibətdə eyni ölçü ilə tətbiq etməlidir.
Digər tərəfdən, Əl-Səidin seçki qələbəsi ABŞ-dakı erməni lobbi təşkilatlarının siyasi fəaliyyətinin də nəticələri baxımından maraqlıdır. ANCA onun namizədliyini dəstəkləməklə yanaşı, seçkilərdən sonra da yeni Konqresdə erməni icmasının gündəliyini irəli aparmaq niyyətini açıqlayıb. Təşkilatın özünün noyabrın 5-də yaydığı məlumatda Əl-Səid Miçiqandan seçilmiş senator kimi xüsusi qeyd olunub.
Azərbaycan üçün əsas məsələ isə emosional reaksiyadan daha çox, bu siyasi prosesin mümkün nəticələrini düzgün qiymətləndirməkdir.
Abdul Əl-Səid 2026-cı il noyabrın 4-də Miçiqan ştatında keçirilən seçkilərdə respublikaçı Mayk Rocersi məğlub edib. Associated Press onun qələbəsini təsdiqləyib və Əl-Səidin ABŞ Senatına seçilən ilk müsəlman amerikalı olacağını bildirib.
Onun Senatda hansı konkret addımları atacağı, Azərbaycana münasibətdə seçkiqabağı bəyanatlarını qanunvericilik təşəbbüslərinə çevirib-çevirməyəcəyi isə hələ qarşıdakı dövrün məsələsidir.
Azərbaycan diplomatiyası üçün vacib olan ABŞ Konqresində ölkəmizə qarşı qərəzli mövqelərin formalaşmasının qarşısını almaq, həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırmaq və erməni lobbisinin birtərəfli təqdimatlarına qarşı faktlara əsaslanan siyasi və informasiya işi aparmaqdır.
Çünki beynəlxalq siyasətdə dostluq və tərəfdaşlıq bəyanatlarla deyil, konkret mövqelər və əməllərlə ölçülür. Əl-Səidin də gələcək senator fəaliyyəti onun seçki kampaniyasında verdiyi vədlərin hansı istiqamətdə reallaşacağına görə qiymətləndirilməlidir. ABŞ Senatında təmsilçilik əldə etmək bir siyasətçiyə regionun tarixi və siyasi reallıqlarını birtərəfli təqdim etmək imtiyazı vermir. Azərbaycanın mövqeyi isə aydındır: Cənubi Qafqazda davamlı sülh yalnız bütün dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və legitim təhlükəsizlik maraqlarına hörmət əsasında mümkündür.
News365.az