Ermənistanda TRIPP layihəsinin reallaşdırılması istiqamətində növbəti hüquqi addım atılıb. Layihənin icrası üçün ayrıca şirkətin yaradılmasına imkan verəcək qanun layihəsi parlamentdə ilk mərhələdən keçib.
News365.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.
Ermənistan parlamenti beynəlxalq müqavilələr əsasında yaradılacaq şirkətlərin fəaliyyətini tənzimləyən qanun dəyişikliklərini birinci oxunuşda qəbul edib. Təklif olunan yeniliklər TRIPP layihəsinin həyata keçirilməsi üçün ayrıca şirkətin təsis edilməsinə hüquqi imkan yaradacaq.
Parlamentin fövqəladə iclasında çıxış edən Ermənistan ədliyyə nazirinin müavini Tiqran Dadunts bildirib ki, dəyişikliklərin əsas məqsədi beynəlxalq razılaşmalar çərçivəsində yaradılan şirkətlərin fəaliyyəti üçün daha çevik və aydın hüquqi mexanizm formalaşdırmaqdır.
Onun sözlərinə görə, burada mövcud qanunvericilikdən istisnalar yaratmaq deyil, beynəlxalq əməkdaşlıq əsasında həyata keçirilən layihələr üçün əlverişli hüquqi mühit təmin etmək nəzərdə tutulur.
Nazir müavini qeyd edib ki, enerji, nəqliyyat və infrastruktur sahələrindəki layihələr çərçivəsində xarici ölkələrin də iştirakı ilə ayrıca səhmdar cəmiyyətlər yaradıla bilər.
Qanun layihəsinə parlamentdə 64 deputat dəstək verib. Müxalifət təmsilçiləri isə səsvermədə iştirak etməyiblər.
Xatırladaq ki, noyabrın 10-da Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Ermənistan və ABŞ arasında TRIPP layihəsinə dair çərçivə sazişini təsdiqləyən qanunu imzalayıb.