Hüququ pozulan vətəndaşın ədaləti bərpa etmək üçün üz tutduğu əsas ünvan məhkəmədir. Lakin məhkəmə proseslərinin uzun çəkməsi, hüquqi prosedurların mürəkkəbliyi və qərarların icrası zamanı yaranan problemlər bəzi insanların bu müdafiə mexanizminə münasibətinə təsir göstərir. Bəs cəmiyyətdə məhkəmələrə inamın artırılması üçün hansı addımlar atılmalıdır?
News365.az xəbər verir ki, bu barədə hüquqşünas Elnur Məmmədov açıqlama verib.
Onun sözlərinə görə, Konstitusiya hər bir vətəndaşın hüquq və azadlıqlarını qoruyan, hüquqi dövlətin əsaslarını müəyyən edən ali hüquqi sənəddir. Bu hüquqların təmin olunmasında isə məhkəmə hakimiyyətinin üzərinə mühüm məsuliyyət düşür. Məhkəmələrin vəzifəsi yalnız tərəflər arasındakı mübahisələrə baxmaq deyil, həm də pozulmuş hüquqların bərpasına nail olmaqdır.
Hüquqşünasın fikrincə, bəzi vətəndaşların məhkəməyə müraciəti səmərəli hüquqi müdafiə yolu kimi deyil, vaxt və maliyyə itkisi kimi qiymətləndirməsinin bir neçə səbəbi var. Bunlara məhkəmə proseslərinin uzanması, prosedurların mürəkkəbliyi, qəbul edilən qərarların icrasında çətinliklər və bəzi hallarda qərarların obyektivliyinə dair yaranan şübhələr daxildir.
Elnur Məmmədov bildirib ki, vətəndaş məhkəməyə üz tutarkən yalnız haqlı olduğunun təsdiqlənməsini deyil, pozulmuş hüququnun faktiki olaraq bərpa edilməsini gözləyir. Məhkəmədə qalib gələn şəxsin belə qərarın icrası zamanı problemlə üzləşməsi hüquq sisteminə olan etimadı zəiflədən amillərdəndir.
Hüquqşünas digər mühüm problemin əhalinin hüquqi biliklərinin yetərli olmaması ilə bağlı olduğunu vurğulayıb. Onun sözlərinə görə, bir çox insan hansı hüququnun pozulduğunu, hansı məhkəməyə müraciət etməli olduğunu və qanunvericiliyin ona verdiyi imkanlardan necə istifadə edə biləcəyini bilmir. Bu isə məhkəmə prosesini vətəndaşlar üçün daha mürəkkəb edir.
Məhkəmələrə inamı necə artırmaq olar?
Elnur Məmmədov hesab edir ki, ilk növbədə məhkəmə proseslərinin sürətləndirilməsi, şəffaflığın artırılması və qərarların icrası ilə bağlı mexanizmlərin təkmilləşdirilməsi vacibdir.
O, həmçinin məhkəmə qərarlarının hüquqi əsaslarının ictimaiyyətə sadə və anlaşıqlı dildə çatdırılmasını, vətəndaşların hüquqi maarifləndirilməsinin genişləndirilməsini zəruri sayır. Bu istiqamətdə məktəb və universitetlərdə hüquqi biliklərin tədrisinə daha çox diqqət ayrılmalı, regionlarda ödənişsiz hüquqi məsləhət xidmətləri genişləndirilməlidir.
Hüquqşünas qeyd edib ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verir. Ancaq qanunvericilikdə bu hüququn təsbit olunması ilə yanaşı, onun gündəlik həyatda real şəkildə təmin edilməsi də əsas şərtdir.
Elnur Məmmədovun qənaətinə görə, məhkəmə sisteminə etimadı yalnız maarifləndirmə yolu ilə formalaşdırmaq mümkün deyil. Vətəndaş ədalətli qərarın qəbul edildiyini, hüquqlarının vaxtında bərpa olunduğunu və qanun qarşısında hamının bərabər olduğunu praktik olaraq görməlidir.
Hüquqşünas hesab edir ki, məhkəmələrə inamı artırmağın ən təsirli yolu ədalətli, hüquqi cəhətdən əsaslandırılmış və vaxtında icra olunan qərarların qəbul edilməsidir.