“Dəmir qapı” planı: Xəzərdə yeni qarşıdurma təhlükəsi

“Dəmir qapı” planı: Xəzərdə yeni qarşıdurma təhlükəsi
14:58

ABŞ-nin İrana qarşı təzyiq siyasətini Xəzər dənizini də əhatə edəcək şəkildə genişləndirmək niyyəti regionda yeni suallar doğurur. Vaşinqtonun “Dəmir qapı” adlandırılan təşəbbüsü İranın alternativ ticarət və nəqliyyat imkanlarını məhdudlaşdırmaqla yanaşı, Rusiya ilə iqtisadi əlaqələrinə də təsir göstərə bilər. Lakin Xəzər dənizində ABŞ-nin birbaşa hərbi mövcudluğunun olmaması bu planın nə dərəcədə real olduğu məsələsini gündəmə gətirir.

News365.az xəbər verir ki, mövzu ilə bağlı politoloq Əli Zülfüqaroğlu açıqlama verib.


Politoloqun fikrincə, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları ilkin siyasi hədəflərinə çatmayıb. İran rəhbərliyinin hədəfə alınması ölkədə gözlənilən kütləvi etirazlara və hakimiyyət dəyişikliyinə gətirib çıxarmayıb.

O bildirib ki, hərbi qarşıdurmanın uzanması prosesin daha geniş geosiyasi müstəviyə keçməsinə səbəb olub. Onun iddiasına görə, Rusiya və Çin İrana müxtəlif kəşfiyyat və texnoloji dəstək göstərir, Tehran isə asimmetrik müharibə imkanlarından istifadə edərək qarşıdurmanın coğrafiyasını genişləndirir.

Ə. Zülfüqaroğlu hesab edir ki, yaranmış vəziyyət ABŞ-nin regional maraqlarına, xüsusilə enerji təhlükəsizliyinə təsir edir. O, Hörmüz boğazında yaranmış vəziyyətin neft bazarına və ABŞ-də ictimai rəyə təsir göstərdiyini vurğulayıb.

Politoloqun qənaətinə görə, Vaşinqton hərbi əməliyyatlarla istədiyi nəticəni əldə edə bilmədiyi üçün iqtisadi təzyiq mexanizmlərini gücləndirməyə çalışır. Bununla belə, ABŞ-nin İrana qarşı tətbiq etdiyi məhdudiyyətlər Tehranın alternativ iqtisadi əlaqələrini tamamilə sıradan çıxara bilmir.

“Birləşmiş Ştatlar İranın kölgə iqtisadiyyatına zərbə vura bilmir”, – deyə politoloq bildirib.

Onun sözlərinə görə, İran uzun illər ərzində sanksiyalardan yayınmaq üçün müxtəlif iqtisadi və logistika əlaqələri formalaşdırıb. Bu səbəbdən neft daşımalarının və alternativ ticarət kanallarının tamamilə dayandırılması Vaşinqton üçün mürəkkəb vəzifədir.

Ə. Zülfüqaroğlu hesab edir ki, İranın coğrafi mövqeyi də ABŞ-nin planlarını çətinləşdirən amillərdəndir. Tehran Rusiya ilə əlaqələrindən əlavə, Ermənistan, Türkmənistan, Türkiyə, Əfqanıstan və Pakistan istiqamətlərindən də yükdaşımalar üçün istifadə etmək imkanlarına malikdir.

Xəzər istiqamətində yeni məhdudiyyətlər nəyi dəyişə bilər?

Politoloqun fikrincə, “Dəmir qapı” təşəbbüsünün əsas məqsədlərindən biri İranın alternativ nəqliyyat və ticarət marşrutlarını zəiflətməkdir. Xüsusilə Xəzər dənizi bu baxımdan Vaşinqton üçün əhəmiyyətli istiqamətə çevrilə bilər.

O bildirib ki, Xəzər üzərindən həyata keçirilən daşımalar İranla Rusiya arasında iqtisadi əlaqələrin mühüm hissəsini təşkil edir. Bu istiqamətdə məhdudiyyətlərin tətbiqi Moskvanın da maraqlarına toxuna bilər.

Ə. Zülfüqaroğlu Rusiyanın belə bir ssenaridən narahatlıq keçirə biləcəyini istisna etməyib. Onun qənaətinə görə, Xəzərdə nəqliyyat imkanlarının məhdudlaşdırılması həm İranın, həm də Rusiyanın regional iqtisadi maraqlarına təsir göstərə bilər.

Bununla belə, politoloq ABŞ-nin Xəzər dənizində nəzərdə tutulan planı praktiki olaraq həyata keçirməsinin çətin olduğunu düşünür. O, Vaşinqtonun bu regionda birbaşa hərbi mövcudluğunun olmamasını əsas maneələrdən biri kimi qiymətləndirir.

“Bu, hazırkı məqamda qeyri-mümkün bir ssenari kimi görünür”, – deyə o vurğulayıb.

Azərbaycan üçün hansı risklər yarana bilər?

Politoloq hesab edir ki, Xəzər dənizində mümkün gərginlik yalnız İran və Rusiya ilə məhdudlaşmaya bilər. Belə bir ssenari bütövlükdə regionun təhlükəsizlik mühitinə, o cümlədən Cənubi Qafqaza təsir göstərə bilər.

Onun sözlərinə görə, Azərbaycan üçün məsələ həm təhlükəsizlik, həm də nəqliyyat-logistika baxımından əhəmiyyətlidir. Xəzər üzərindən daşımalar və Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizi regionun iqtisadi əlaqələrində mühüm yer tutur. Bu istiqamətdə yarana biləcək hər hansı məhdudiyyətlər regional ticarətə və nəqliyyat bağlantılarına təsirsiz ötüşməyə bilər.

Ə. Zülfüqaroğlu hesab edir ki, Xəzər dənizinin yeni geosiyasi qarşıdurma meydanına çevrilməsi arzuolunan deyil. Belə bir vəziyyətin Qafqaz ölkələri ilə yanaşı, Rusiya üçün də ciddi problemlər yarada biləcəyini qeyd edib.


Sizin reklam burada
Sizin reklam burada