Prezident İlham Əliyevin Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirlər Azərbaycanın xarici siyasət prioritetləri, regional sülh gündəliyi və beynəlxalq əməkdaşlıq istiqamətində mövqeyini bir daha nümayiş etdirdi.
Bu fikirləri politoloq Ülviyyə Zülfiqar News365.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, forum çərçivəsində Prezident İlham Əliyev yerli və xarici media nümayəndələrinin, eləcə də beynəlxalq ekspertlərin suallarını cavablandıraraq Azərbaycanın regional təhlükəsizlik, sülh prosesi, qonşu dövlətlərlə münasibətlər, qlobal əməkdaşlıq və beynəlxalq gündəmdə yer alan mühüm məsələlərə dair mövqeyini ətraflı izah edib.
Politoloq qeyd edib ki, dövlət başçısının çıxışı Azərbaycanın milli maraqlarına əsaslanan xarici siyasət kursunu, beynəlxalq hüquqa söykən yanaşmasını və regionda dayanıqlı sülhün təmin olunmasına yönəlmiş təşəbbüslərini bir daha diqqətə çatdırıb.
Ülviyyə Zülfiqar vurğulayıb ki, Şuşa Qlobal Media Forumu artıq beynəlxalq informasiya məkanında nüfuz qazanan platformalardan birinə çevrilib. Onun sözlərinə görə, forum müxtəlif ölkələrdən media nümayəndələri, ekspertlər və siyasətçilər arasında fikir mübadiləsinin aparılması, qlobal çağırışların müzakirəsi və Azərbaycanın mövqeyinin beynəlxalq auditoriyaya çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Politoloq əlavə edib ki, forumda səsləndirilən mesajlar Azərbaycanın regional və qlobal proseslərə baxışını əks etdirməklə yanaşı, ölkənin beynəlxalq nüfuzunun daha da möhkəmlənməsinə və Şuşanın qlobal dialoq mərkəzlərindən biri kimi mövqeyinin güclənməsinə xidmət edir.