Prezident Bişkekdə: Azərbaycan və ŞƏT - Yeni imkanlar

Prezident Bişkekdə: Azərbaycan və ŞƏT - Yeni imkanlar
12:44

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yürütdüyü səmərəli xarici siyasət ölkənin beynəlxalq əlaqələrinin inkişafını daha da sürətləndirir. Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) zirvə görüşlərində, həmçinin Bişkek sammitində Prezident İlham Əliyevin iştirakı ölkəmizin çoxtərəfli xarici siyasət strategiyasının mühüm tərkib hissəsidir. Bu iştirak və tərəfdaşlıq həm geosiyasi, həm də iqtisadi müstəvidə ölkəmizə ciddi perspektivlər vəd edir, qarşıda yeni üfüqlər açır. Belə ki, Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatındakı nəhəng iqtisadi güclər — Çin, Rusiya, Hindistan ilə Mərkəzi Asiya ölkələri arasında təbii və strateji bir coğrafi körpüdür. Çindən gələn yüklərin Mərkəzi Asiya və Xəzər dənizi vasitəsilə Avropaya çatdırılmasında Azərbaycan əsas qovşaq rolunu oynayır. Eyni zamanda Rusiya, İran və Hindistanı birləşdirən layihələrdə də Azərbaycan mərkəzi logistik həlqədir. Bu münasibətlərin ölkəyə digər faydası isə tranzit gəlirlərinin kəskin artması, nəqliyyat infrastrukturunun, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının, dəmir yollarının tam gücü ilə işləməsi və ölkənin qlobal tədarük zəncirində əvəzolunmaz tərəfdaşa çevrilməsidir.

Şanxay Əməkdaşlıq Təşkilatı qlobal əhalinin yarıya yaxınını və daxili məcmu məhsulun mühüm hissəsini formalaşdıran nəhəng bir bazardır. Sammitlərdə Azərbaycanın Türkiyə, Qazaxıstan, Özbəkistan, Pakistan və Çin kimi dövlətlərlə iqtisadi tərəfdaşlığı vahid platformada daha da stimullaşdırılır. Bu görüşlər Qarabağ və Şərqi Zəngəzurun investisiya potensialını Asiyanın böyük holdinqlərinə təqdim etmək üçün mühüm fürsətdir. Qeyri-neft sektoruna birbaşa xarici investisiyaların cəlb edilməsi, yerli məhsulların Asiya bazarlarına çıxışının asanlaşması məsələlərində də bu əlaqələrin, görüşlərin və səfərlərin faydalı rolu var.

Ölkənin balanslaşdırılmış xarici siyasəti baxımından da səfərin əhəmiyyəti böyükdür. Çünki Azərbaycan həm Qərb, həm də Şərq güc mərkəzləri ilə bərabərhüquqlu, balanslaşdırılmış münasibətlər qurmağa üstünlük verir. Şanxay Əməkdaşlıq Təşkilatının təməl prinsiplərindən biri dövlətlərin ərazi bütövlüyünə hörmət, separatizm, ekstremizm və terrorizmlə birgə mübarizədir. Bu da Azərbaycanın milli maraqları ilə tam üst-üstə düşür. BMT-dən sonra ən böyük platformalardan olan Qoşulmama Hərəkatına uğurlu sədrlikdən sonra Azərbaycanın ŞƏT və BRICS kimi strukturlarda fəal təmsilçiliyi onun qlobal qərarların qəbulundakı çəkisini artırır. Regional sabitliyin qorunması, təhlükəsizlik sahəsində kəşfiyyat və informasiya mübadiləsinin gücləndirilməsi, beynəlxalq arenalarda diplomatik manevr imkanlarının genişlənməsi də əsas məsələlərdəndir.

ŞƏT məkanı həm ən böyük enerji istehsalçılarını (Rusiya, İran, Mərkəzi Asiya), həm də ən böyük istehlakçılarını (Çin, Hindistan) birləşdirir. Bu ölkələrin hər biri ilə yeni əlaqələr, fərqli sahələrdə yeni əməkdaşlıq imkanları yaranır. Habelə, ŞƏT ölkələri ilə bərpaolunan enerji texnologiyalarının transferi və ekoloji layihələr üzrə sıx müzakirələr aparılır. Ənənəvi neft-qaz layihələrində koordinasiyanın təmini ilə yanaşı, "yaşıl enerji" layihələrinə Asiya fondlarından maliyyə dəstəyinin qazanılması kimi imkanlar meydana çıxır.

Ümumiyyətlə, Prezident İlham Əliyevin ŞƏT xətti ilə həyata keçirdiyi müdrik və uzaqgörən diplomatiya Azərbaycanı sadəcə enerji tədarükçüsü deyil, regionun vazkeçilməz logistik qovşağı və strateji siyasi moderatoru statusuna gətirir ki, bu da ölkənin hərtərəfli inkişafı deməkdir. Xüsusən işğaldan azad edilmiş Qarabağ və Zəngəzurun bərpası ərəfəsində belə imkanların yaranması xarici investorların cəlbini də aktivləşdirə bilər ki, bu da ölkənin iqtisadi inkişafına töhfə verən mühüm amillərdəndir.

News365.az


Sizin reklam burada
Sizin reklam burada