İranda bir grup akademik və universitet müəllimi Ali Təhsil Nazirliyinin rəhbər şəxslərinin iştirak etdiyi iclasda tələbə qızların islam hicabı olmadan iştirak etməsinə sərt etiraz bildirib. Sənətkar və ekspertlər insidentə şərait yaradan məmurlar barəsində intizam tədbirlərinin görülməsini tələb edirlər.
İranın "Fars" xəbər agentliyinin məlumatına görə, qalmaqala səbəb Tələbə Şurası üzvlərinin Elm, Tədqiqat və Texnologiya Nazirliyinin rəsmiləri, o cümlədən Tələbə İşləri Təşkilatının rəhbəri Höccətullah Həbiba və elm nazirinin iqtisadi məsələlər üzrə müşaviri ilə keçirdiyi görüş olub.
İran Elm və Texnologiya Universitetinin Akademiklər Bəsic Təşkilatı bildirib ki, qeyri-rəsmi şəraitdə baş tutan iclasda bir neçə tələbə qız geyim qaydalarına riayət etmədən iştirak edib. Təşkilatın iddiasına görə, zalda olan nazirlik rəsmiləri bu vəziyyətə nə etiraz edib, nə də müdaxilə olunub, əksinə, həmin tələbələrə çıxış etmək üçün şərait yaradılıb.
Məsələ Tələbə İşləri Təşkilatına bağlı media resurslarında görüşdən foto və video kadrların dərc olunmasından sonra daha da böyüyüb.
Akademiklər Bəsic Təşkilatı Elm naziri Hüseyn Simayi-Sərrafa ünvanladığı rəsmi bəyanatda məmurların bu davranışını “İslam qanunlarına, ölkə qanunvericiliyinə və universitet normalarına zidd” adlandırıb. Bəyanatda baş verənlərin “hicabsızlığın normallaşdırılmasına yönəlmiş açıq addım” olduğu vurğulanıb və cavabdeh şəxslərin tutduğu vəzifədən azad edilməsi də daxil olmaqla, qətiyyətli tədbirlərin görülməsi tələb olunub.
Eyni zamanda, nazirlikdən olayla bağlı rəsmi araşdırma aparılması, bəyanat yayılması və yayılmış bütün foto-video materialların sosial şəbəkələrdən dərhal silinməsi istənilib.
Əmir Kəbir Texnologiya Universitetinin müəllimi Əli Şəmsipur da rəsmilərin hərəkətlərini sərt tənqid edərək, onları hicabsızlığa rəsmi leqallıq qazandırmaqda ittiham edib:
“Tələbə İşləri Təşkilatının rəhbəri və nazir müşavirinin iştirak etdiyi görüşdə hicabsızlığa rəsmi şərait yaradılması, ardınca bu görüntülərin videoklip şəklində, hətta 'Aparat' platformasında tam versiyada yayılması nə deməkdir? Əgər bu, Allahın əmrinə qarşı üsyan deyilsə, bəs nədir?”
Əli Şəmsipur elm nazirini baş verənlərə qarşı dərhal və qətiyyətli addımlar atmış olmağa çağırıb.
"Fars" agentliyinin məlumatına görə, Elm, Tədqiqat və Texnologiya Nazirliyi hələlik yaranmış qalmaqalla bağlı rəsmi açıqlama verməyib.