“Teatrı da satdılar...” – Kamil Şahverdidən Polad Bülbüloğlu ilə bağlı ŞOK İDDİALAR

“Teatrı da satdılar...” – Kamil Şahverdidən Polad Bülbüloğlu ilə bağlı ŞOK İDDİALAR
22:09

Jurnalist Kamil Şahverdi Polad Bülbüloğlunun fəaliyyəti ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.

News365.az xəbər verir ki, o paylaşımda bildirib ki, onun Polad Bülbüloğlunun şəxsi həyatı deyil, dövlət vəzifələrində çalışdığı dövrdəki fəaliyyəti maraqlandırır. O, paylaşımında Bülbüloğlunun 1988-2006-cı illərdə mədəniyyət naziri olduğu dövrdə Azərbaycan mədəniyyəti ilə bağlı fəaliyyətini tənqid edib.

Jurnalist əsas diqqəti Bakı Xoreoqrafiya Məktəbinin teatr binasının taleyinə yönəldib. Onun sözlərinə görə, məktəb vaxtilə görkəmli balet və rəqs sənətkarlarının yetişdiyi əsas mədəniyyət ocaqlarından biri olub.

Kamil Şahverdi qeyd edib ki, köhnə və darısqal binada fəaliyyət göstərən Bakı Xoreoqrafiya Məktəbi 1985-ci ildə yeni binaya köçürülüb. Onun sözlərinə görə, yeni kompleksdə balet sənətinin tədrisi üçün bütün imkanlarla yanaşı, şagirdlərin səhnə təcrübəsi qazanması üçün teatr binası da inşa edilib.

Şahverdi iddia edib ki, 1990-cı illərdə həmin teatr binasının yerləşdiyi ərazinin satılması ilə bağlı proses başlayıb. O, bu proses çərçivəsində məktəbin bir neçə direktorunun vəzifədən uzaqlaşdırıldığını bildirib.

Jurnalistin iddiasına görə, 1978-1996-cı illərdə məktəbin direktoru olmuş Rimma Məmmədova ərazinin satışı ilə bağlı sənədləri imzalamaqdan imtina etdiyinə görə vəzifəsindən azad edilib. Onun sözlərinə görə, sonrakı direktorlar Gülnarə Hüseynova və Kamal Həsənov da analoji səbəbdən vəzifələrindən çıxarılıblar.

"Polad Bülbüloğlunun xoreoqrafiya sevdası.

Mən bir daha bəyan etmək istəyirəm ki, Polad Bülbüloğlunun evlənməsi, boşanması məni qətiyyən maraqlandırmır.
Mən Polad Bülbüloğlunun şəxsi həyatı ilə deyil, rəsmi dövlət vəzifələrində çalışaraq göstərdiyi fəaliyyəti ilə hər zaman maraqlanmışam.
Onun Azərbaycan mədəniyyətinin başına gətirdiyi müsibətləri bütün incəliklərinə qədər bildiyim üçün ürək ağrısı ilə hərdən nələrisə içtimailəşdirib bu adamın əsil sifətini sizə göstərməyə çalışıram.
Onun rəqqasə xanımla evlilik məsələsi ortaya çıxanda bildiyim bəzi faktlar yadıma düşdü. Ona görə minlərlə belə dəhşətli faktlardan biri ilə sizi də tanış edim və siz də görün ki, Azərbaycan mədəniyyətinin düşməni, xalqımızın mədəni irsini atasının malı kimi basıb yeyən, yüzlərlə yox, minlərlə mədəniyyət ocağını, kitabxanaları, muzeyləri, klubları, kinoteatrları, teatrları, mədəniyyət saraylarını satıb özünə sərvət toplayan bu varlığın hər bir əməlinin arxasında hansı məkrli niyyətlər durur.
1988-ci ildə Əbdürrəhman Vəzirovun mədəniyyət naziri təyin etdiyi Polad Bülbüloğlu 18 il bu postda çalışdı və heç bir kənar düşmənin edə bilməyəcəyi varvarlıq ilə milli mədəniyyətimizə vurduğu zərbələri sadalamaq üçün cildlərlə kitab yazmaq olar.
Bakı şəhərində Xoreoqrafiya Akademiyasını yəqin ki, çoxları tanıyır. Bir tərəfdən Rəşid Behbudov küçəsi, digər tərəfdən Bülbül küçəsi arasında yerləşir. Vaxtı ilə Xoreoqrafiya Məktəbi adlanırdı. Bizim görkəmli balet ustalatımız bu məktəbin yetirmələri olublar. Qəmər Almaszadə, Leyla Vəkilova, Əminə Dilbazi, Rəfiqə Axundova, Maqsud Məmmədov, Çimnaz Babayeva, Vladimir Pletnyov, Tamilla Şirəliyeva, Xumar Zülfüqarova, Tamilla Məmmədova, Roza Cəlilova və başqa böyük sənətkarlarımız ilk addımlarını bu məktəbdə atmışdılar.
1980-ci illərə qədər Bakı Xoreoqrafiya Məktəbi Nizami kino mərkəzi ilə yanaşı olan Azərtac binasının arxasında yerləşirdi. Əzim Əzimzadə adına rəssamlıq məktəbi ilə eyni binada.
Bina çox köhnə və darısqal olduğundan, hər zaman sənətə, sənətkarlara yüksək qiymət verən, onların bütün qayğılarına diqqətlə yanaşan, yaradıcılıqlarını izləyən və hər vasitə ilə onlara dəstək olan dahi Heydər Əliyev Bakı Xoreoqrafiya Məktəbi üçün yeni binanın tikilməsi haqqında göstəriş verdi. Binanın layihələndirilməsi üçün ən yaxşı mütəxəssislər cəlb olundu. Bu adi məktəb binası deyildi. Bütün infrastrukturu ilə bəlkə də dünyanın nadir xoreoqrafiya mərkəzlərindən biri idi.
1985-ci ildə Bakı Xoreoqrafiya Məktəbi yeni, müasir, həsədaparıcı binaya köçdü. Keçmiş SSRİ-nin heç bir respubıikasında məxsusi olaraq xoreoqrafiya sənəti üçün nəzərdə tutulmuş belə binası olan məktəb yox idi. Rəhmətlik Heydər Əliyev Bakı Xoreoqrafiya Məktəbini nəinki ölkəmizdə, bütün regionda xoreoqrafiya mərkəzinə çevirmək istəyirdi.
Məktəbdə balet sənətinin tədrisi üçün bütün şərait yaradılmışdı. Məktəb binasının arxasında hətta teatr da tikilmişdi. .Bu teatr şagirdlərin inkişafı, kiçik yaşlarından səhnəyə alışmaları üçün olduqca vacib idi.
1988-ci ildən 2006-cı ilə qədər mədəniyyət naziri olan Polad Bülbüloğlu bütün mədəni irsimizə düşmən münasibəti Bakı Xoreoqrafiya Məktəbinin teatr binasınından da yan keçmədi.
1990-cı illərdə ölkədəki gərgin içtimai siyasi vəziyyətdən öz şəxsi mənfəəti üçün məharətlə istifadə edən Polad Bülbüıoğlu Bakı Xoreoqtafiya Məktəbinin teatr binasını da varlanmaq hərisliyinə qurban etdi.
Bu teatr binasını və yerləşdiyi ərazini zəbt edib satmaq üçün Xoreoqrafiya Məktəbinin direktoru sənədləri imzamalı idi. O dövrdə məktəbin direktoru işləyən Rimma Məmmədova belə bir işə qol qoymaqdan imtina etdiyinə görə 1978-ci ildən 1996-cı ilə qədər çalışdığı direktor vəzifədindən azad edildi. Rimma Məmmədovanın yerinə Gülnarə Hüseynova məktəbə yeni direktor təyin olundu. İki ildən sonra, 1998-ci ildə Gülnarə Hüsetnova da bu məsələyə razılıq vermədiyinə görə işdən çıxarıldı. Onun yerinə 1998-ci ildə Kamal Həsənov təyin olunur. İki ildən sonra, yəni 2000-ci ildə Kamal Həsənov da eyni səbəbdən işdən çıxarıldı.
Şəhərin mərkəzində yerləşən çoxmillionluq ərazini səssiz, küysüz satmaq üçün Bakı şəhər İH başçısı Hacıbala Abutalıbov çətin durumda olan Polad Bülbüloğlunun imdadına çatsı.
Hacıbala Abutalıbov məsləhət gördü ki, Bakı Xoreoqrafiya Məktəbinə Bakı şəhər İcra Hakimiyyıtində işləyən Nilufər Kərimovanı direktor təyin etmək lazımdır. O bunu belə əsaslandırdı ki, Nilufər Kərimova özümüzküdür və belə işlərdə bişmiş adamdır. kənara da məlumat sızmaz. Beləliklə xoreoqrafiyaya heç bir aidiyyəti olmayan Nilufər Kərimova məktəbə dirüktor təyun olunur.
2003-cü ilin dekabr ayında Heydər Əliyev dünyasını dəyişdikdən sonra mədəniyyət naziri vaxt itirmədən çoxdan düşündüyü planı reallaşdırmağa başladı. 2004-cü ildə Bakı Xoreoqrafiya Məktəbinin teatrı yerləşən ərazi bina qarışıq "Standart" şirkətlər qrupunun sahibi Heydər Babayevə satıldı. Heydər Babayev teatr binasını sökərək yerində 22 mərtəbəli göydələn tikdi.
Məktəbin yaşlı müəllimləri bu mənzərəni göz yaşları ilə seyr etmişdilər. Hətta tikinti zamanı Xoreoqrafiya Məktəbinin binası da zədələnmişdi. Duvarlarda çatlar əmələ gəlmişdi.
Nilufər Kərimova 2014-cü ilə qədər direktor vəzifəsində çalışır. Deyilənə görə teatr binasının ərazi qarışıq satılmasında göstərdiyi xidmətlərə ona həmin binadan iki mənzil hədiyyə edilib.
Keçən ilin sonlarında Polad Bülbüloğlunun satdığı yüzlərlə kinoteatrlar haqqında yazımdan sonra mənə qarşı böhtan və təhqir kampaniyası başladı. Polad Bülbüloğlunun bəzi tərəfdarları yazdığım faktlara məhəl qoymadan mənim haqqımda şər-böhtan dolu yazılar yazdılar. Hətta birisi bəyan etdi ki, kino heç vaxt Polad Bülbüloğlunun tabeliyində olmayıb. Ona görə də onları qabaqlayaraq qeyd edim ki, 1962-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin Ali və Orta İxtisas Təhsili Komitəsinin qərarı ilə Bakı Xoreoqrafiya Məktəbi Azərbaycan SSR Mədəniyyət Nazirliyinin tabeçiliyinə keçirilib. Bu günə qədər də bu belədir.
2006-cı ildə mədəniyyət naziri təyin olunan Əbülfəs Qarayev teatrın yerində tikilmiş binanın əvəzinə Xoreoqrafiya Məktəbini istilik sistemi ilə təmin edilməsi haqqında "Standart" şirkətlər qrupu ilə müqavilə imzalayır.
Maraqlı bir məqamı da diqqətinizə çatdırmaq istəyirəm. Azərbaycan Respublikası Prezidentinin 30 aprel 2014-cü il tarixli Sərəncamı ilə Bakı Xoreoqrafiya Məktəbinin bazasında Bakı Xoreoqrafiya Akademiyası yaradılıb. Akademiyanın rektoru Timurçin Əfəndiyev təyin olunub. Timurçin Əfəndiyev 2021-ci ilə qədər bu vəzifəni icra edib.
2021-ci ildə Əziz Qarayusifli tədris işləri üzrə prorektor və rektor əvəzi təyin edilib. Bir ilsən sonra işdən çıxarılıb. 2022-ci ildə Nailə Məmməd-Zadə rektor əvəzi təyin edilib və bu günə qədər rektor əvəzi vəzifəsini icra edir. Artıq beş ildən çoxdur ki, Akademiyaya rektor təyin edilmir.
Onu da qeyd edim ki, Polad Bülbüloğlu ilə ailə həyatı qurduğu deyilən Eteri Leonidovna Cəfərova Bakı Xoreoqrafiya Akademiyasının dosentidir...
Eteri Leonidovna teatrın yerində tikilən binada yaşayır. Deyilənə görə bu mənzili ona Polad Bülbüloğlu hədiyyə edib."

Qeyd edək ki, Kamil Şahverdinin paylaşımında səsləndirilən iddialar onun şəxsi açıqlamalarıdır. Sözügedən iddialarla bağlı Polad Bülbüloğlunun mövqeyi paylaşımda əksini tapmayıb.


Sizin reklam burada
Sizin reklam burada