Politoloq: “Azərbaycan Avrasiyanın əsas nəqliyyat və siyasət mərkəzinə çevrilir”
Müasir beynəlxalq münasibətlər sistemində yalnız əlverişli coğrafi mövqeyə sahib olmaq kifayət etmir; əsas məsələ həmin mövqeyi siyasi, iqtisadi və diplomatik üstünlüyə çevirməkdir. Prezident İlham Əliyevin həyata keçirdiyi strateji kurs Azərbaycanın bu imkanlardan maksimum istifadə etməsinə şərait yaradıb. Bu gün ölkəmiz Avropa ilə Asiyanı birləşdirən fəal tərəfdaş və mühüm bağlantı mərkəzi kimi qəbul olunur.
Bu fikirləri News365.az-a açıqlamasında politoloq Züriyyə Qarayeva deyib.
Politoloq bildirib ki, Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə tərəfdaşlığı bu çoxşaxəli siyasətin mühüm istiqamətlərindən biridir:
“ŞƏT məkanında dünyanın böyük iqtisadiyyatlarının, geniş istehlak bazarlarının və zəngin enerji resurslarına malik dövlətlərin cəmləşməsi bu əməkdaşlığa xüsusi əhəmiyyət qazandırır. Dövlət başçısının uzaqgörən siyasəti nəticəsində Azərbaycanın coğrafi mövqeyi konkret nəqliyyat və logistika layihələri ilə tamamlanıb. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu, Orta Dəhliz və Şimal–Cənub marşrutu ölkəmizi Avrasiyanın əsas nəqliyyat qovşaqlarından birinə çevirir. Beləliklə, Azərbaycan ŞƏT məkanını Xəzər dənizi üzərindən Türkiyə və Avropa bazarları ilə əlaqələndirən etibarlı tərəfdaş rolunu oynayır”.
Z.Qarayevanın sözlərinə görə, Prezident İlham Əliyevin siyasətinin əsas xüsusiyyətlərindən biri Azərbaycanın müxtəlif geosiyasi mərkəzlərlə münasibətlərində milli maraqları daim ön planda saxlamasıdır:
“Ölkəmiz nəqliyyat, enerji, təhlükəsizlik və iqtisadi əməkdaşlıq sahələrində təşəbbüskar mövqe nümayiş etdirir. Bu yanaşma Azərbaycana beynəlxalq prosesləri kənardan izləyən deyil, regional gündəliyin formalaşmasına təsir göstərən dövlət kimi çıxış etmək imkanı verir. Çinlə hərtərəfli strateji tərəfdaşlığın inkişafı və Mərkəzi Asiya dövlətləri ilə münasibətlərin dərinləşməsi ŞƏT istiqamətində əməkdaşlığın praktiki əsaslarını genişləndirir. Azərbaycan yalnız tranzit ərazi təqdim etmir, eyni zamanda sabitlik, təhlükəsizlik və uzunmüddətli iqtisadi əməkdaşlıq üçün etibarlı siyasi mühit yaradır”.
Ekspert vurğulayıb ki, ŞƏT-lə tərəfdaşlığın inkişafı ölkəmizin Asiya dövlətləri ilə iqtisadi və siyasi əlaqələrinin şaxələndirilməsinə, yeni bazarlara və investisiya imkanlarına çıxışına şərait yaradır:
“Azərbaycan bu münasibətlər sistemində özünü böyük coğrafiyaları birləşdirən, qarşılıqlı fayda yaradan və regional sabitliyə töhfə verən güclü tərəfdaş kimi təsdiqləyir”.