"Azərbaycan bu gün dünyada güclü dövlət kimi tanınır və qəbul olunur. Xüsusilə, son illər Avropa İttifaqı ölkəmizlə əlaqələrin genişləndirilməsinə önəm verir. Belə bir şəraitdə Polşanın ictimai yayım orqanı olan TVP-nin (TVP World) “Eastern Express” verilişində Azərbaycan dövlətinə və ölkə rəhbərliyinə qarşı yönəlmiş qərəzli, qeyri-obyektiv fikirlərin səsləndirilməsi təəccüb və təəssüf doğurur".
Bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev News365.az-a deyib.
Deputat bildirib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Hazırda ölkəmiz 16 dövlətə qaz ixrac edir ki, onların mütləq əksəriyyəti Avropa məkanına aiddir. Həmçinin, Avropanın digər ölkələri də Azərbaycanla əlaqələrin genişlənməsinə, təbii qazımızı idxal etməyə can atırlar. Bundan əlavə, qarşılıqlı olaraq siyasi əlaqələr də güclənir. Belə bir şəraitdə Polşa hökuməti tərəfindən maliyyələşdirilən ictimai yayım orqanında Azərbaycana qarşı mənfi xarakterli proqramların yer alması qəbulolunmazdır.
Millət vəkilinin sözlərinə görə, Azərbaycana qarşı kimlərinsə belə mövqe nümayiş etdirməsinə haqqı yoxdur. Əgər edərlərsə, tutarlı cavablarını alacaqlar. Məsələ ilə bağlı Polşanın ölkəmizdəki səfirinin Xarici İşlər Nazirliyinə çağırılması və etiraz notası təqdim olunması da bunun göstəricisidir. Rəsmi Bakı hesab edir ki, Azərbaycanla Ermənistan arasında normallaşma və sülh prosesi, eləcə də Azərbaycanın regionda davamlı sülh, sabitlik və təhlükəsizliyin təmin edilməsi istiqamətində qətiyyətli səylər göstərdiyi bir vaxtda həqiqəti təhrif edən məlumatların yayılması ciddi suallar doğurur.
Samir Vəliyevin fikrincə, belə təxribat xarakterli yayımlar Azərbaycanla Polşa arasında münasibətlərin ruhuna ziddir. Bu tipli davranışlar qeyri-dost addımdır. Ona görə də, Polşa hökuməti belə səhv hərəkətlərin qarşısını almalıdır.
"İndiyədək olan təcrübə göstərir ki, hər hansı təxribatçı addımlar Azərbaycanın haqlı mövqeyinə təsir etmir. Yaxud, ölkəmiz belə addımlar qarşısında geri çəkilmir. Bu mənada Polşa yanlış mövqeyini düzəltməlidir" - deyə deputat vurğulayıb.