News365.az xəbər verir ki, hadisə cümə axşamı Tətbiqi Sənətlər Muzeyində (MAK) baş verib. Polisin məlumatına görə, üzlərini gizlədən iki şəxs ziyarətçi qismində muzeyə daxil olub. Daha sonra çəkiclə zinət əşyasının yerləşdirildiyi şüşə vitrini sındıraraq platin boyunbağını götürüblər.
Oğurlanan boyunbağı üzərində 673 almaz yerləşdirilib. Zinət əşyasının vaxtilə Misir kral ailəsinə məxsus olduğu bildirilir.
Polis şübhəlilərin muzeyə daxil olmazdan əvvəl təhlükəsizlik kameralarına düşən görüntülərini yayıb. İki şəxsin hadisədən sonra piyada şəkildə yaxınlıqdakı parka doğru qaçdığı ehtimal edilir. Polis bildirib ki, hadisə zamanı heç kim xəsarət almayıb. Lakin şübhəlilərdən birinin üzərində odlu silah olduğu ehtimal edilir.
Hazırda onların tutulması üçün genişmiqyaslı əməliyyat keçirilir. Axtarışlara xüsusi təlim keçmiş itlər də cəlb olunub.
Hadisə ilə bağlı oğurlanan zinət əşyası İnterpolun oğurlanmış sənət əsərləri bazasına da daxil edilib.
Boyunbağı məşhur Fransanın zərgərlik şirkəti Van Cleef & Arpels tərəfindən hazırlanıb. Şirkətin məlumatına görə, zinət əşyası 1930-cu illərdə Misirin kraliçası Nazliyə xüsusi olaraq hazırlanmışdı.
Boyunbağı muzeydə Van Cleef & Arpels-in 300-dən çox dizaynının təqdim edildiyi xüsusi sərgidə nümayiş etdirilirdi. O, muzeyə məxsus eksponatlarla zərgərlik evinin əsərlərinin bir araya gətirildiyi sərginin əsas diqqətçəkən nümunələrindən biri olub.
Oğurluqdan sonra sərgi qısa müddətə bağlanıb, daha sonra yenidən ziyarətçilərin üzünə açılıb. Növbəti gün isə dağıdılmış vitrin mavi örtüklə bağlanıb.
Polis hazırda oğurlanan tarixi zinət əşyasının tapılması və iki şübhəlinin saxlanılması istiqamətində araşdırmanı davam etdirir.