“Köçəryan, Sarkisyan və Ohanyan tutulub Azərbaycana verilməlidir” – Deputatdan reaksiyalar

“Köçəryan, Sarkisyan və Ohanyan tutulub Azərbaycana verilməlidir” – Deputatdan reaksiyalar
13:51

"Ermənistanın sabiq prezidentləri Robert Köçəryanla Serj Sarkisyanın məsuliyyətə cəlb edilməsi Paşinyan hakimiyyəti üçün prinsipial məsələdir. Çünki Paşinyan üçün başağrısına çevrilmiş bu şəxslərin revanşist komandası hakimiyyət üçün təhdidlər yaradır. Digər tərəfdən, hakimiyyətdə olduğu dövrlərdə hər iki şəxs korrupsiyaya qurşanmaqla yanaşı, əlləri Azərbaycan xalqının qanına batıb".

Bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev News365.az-a deyib. 

Deputat bildirib ki, Azərbaycanda həm Köçəryan, həm də Sarkisyana qarşı cinayət işi açılıb və onlar beynəlxalq axtarışa verilib. Nəzərə alaq ki, Azərbaycan dövlətinə və xalqına qarşı cinayətlərdə iştirak edən, separatizmin alovlanmasına, 30 ilə yaxın davam etmiş ilhaq prosesindəki fəaliyyətinə görə ittiham olunan bir sıra cinayətkarlar ard-arda saxlanılaraq Bakıya gətirilib. Ruben Vardanyanla başlanan prosesdə son olaraq qondarma rejimin 3 “prezidenti” və 1 “parlament sədri”, eləcə də digərləri Azərbaycanın ədalət məhkəməsi tərəfindən cəzalarını alıblar. Xocalı soyqırımında iştirak edən, əvvəlcə qondarma rejimə,  sonradan isə Ermənistana başçılıq edən Robert Köçəryan və Serj Sarkisyan da ədalət qarşısında cavab verməlidir. Günahsız azərbaycanlıların kütləvi qətliamına fərman vermiş bu cəlladların ölkə qanunvericiliyi qarşısında məsuliyyət daşıması üçün isə müəyyən beynəlxalq mexanizmlər mövcuddur. Ermənistanın  ratifikasiya etdiyi Roma statusu buna imkan verir. Məlumdur ki, Roma statutunun təsir dairəsi dörd əsas beynəlxalq cinayətlə formalaşır: soyqırımı, insanlığa qarşı cinayətlər, müharibə cinayətləri və təcavüz cinayətləri. Ermənistanın da Roma statutuna qoşulduğunu nəzərə alsaq, həm soyqırımı cinayəti törədən, həm insanlığa qarşı cinayət edən. Həm müharibə cinayətlərində, həm də təcavüz cinayətlərində günahlandırılan Köçəryan, Sarkisyan, Ohanyan kimi cinayətkarlar tutulub Azərbaycana verilməlidir. Bunun üçün ciddi hüquqi əsaslar var. Bu da ondan ibarətdir ki, 1992-ci ilin fevralında Xocalıya edilən hücuma rəhbərlik edən şəxslərdən biri keçmiş müdafiə naziri Seyran  Ohanyan olub. Məhz onun komandanlığı altında 366-cı alayın 2-ci batalyonu, Yevgeni Nabokixinin komandası altında 3-cü batalyon, 1 saylı batalyonun qərargah rəisi Valeriy İsayeviç Çitçyan və alayda xidmət edən 50-dən artıq erməni zabit və gizir Xocalıya hücumda iştirak edib. S.Sarkisyan isə 2000-ci ildə Böyük Britaniyalı jurnalist Tomas de Vala müsahibəsində Xocalı qətliamında birbaşa iştirakçı olduğunu etiraf edib. R.Köçəryan da beynəlxalq tribunalardan Qarabağda törədilən cinayətlərdə və qətliamlarda iştirak etdiyini özü etiraf edib.

“Köçəryanla Sarkisyan Ermənistanda korrupsiya əməllərinə görə məsuliyyətə cəlb olunublar. Əvvəllər də, onlar həbs olunsalar da, sonradan azadlığa çıxmışdılar. Lakin Paşinyan bu məsələdə prinsipial görünür. O, öz hakimiyyətinə, o cümlədən regionda sülhə təhdid yarada biləcək revanşistləri tam zərərsizləşdirməyə çalışır. Düşünürəm ki, ən düzgün qərar onların Azərbaycana təhvil verilməsidir. Azərbaycan cinayət işi açıb və hər iki cinayətkarı beynəlxalq axtarışa verib. Paşinyan hökuməti buna uyğun olaraq onları Azərbaycana təhvil verə bilər. Bununla da, həm Paşinyan həm əsas rəqiblərindən xilas olacaq, həm də sülhə sadiqliyini bir daha nümayiş etdirəcək. Nəzərə alsaq ki, Xocalı qatilləri sırasında yer alan Sarkisyanın və Köçəryanın indiki halda heç bir imtiyazı yoxdur, soyqırımı və sair cinayətlərdə iştirakı ilə bağlı hüquqi təqib başladıla bilər. Onu da qeyd edim ki, bu, sadəcə zaman məsələsidir. İnanırıq ki, onlar müharibə cinayətlərinə, dinc azərbaycanlıların qətlə yetirilməsinə görə məsuliyyətə cəlb olunacaqlar" - deyə Samir Vəliyev vurğulayıb.



Sizin reklam burada
Sizin reklam burada