Saatlarla oturmaq ölümcül təhlükə yarada bilər – Xəbərdarlıq

Saatlarla oturmaq ölümcül təhlükə yarada bilər – Xəbərdarlıq
16:30

Xüsusilə kompüter qarşısında saatlarla vaxt keçirənlər üçün ciddi xəbərdarlıq edilib. Mütəxəssislər bildirirlər ki, uzun müddət oturmaq və az hərəkət etmək ayaqlarda qan dövranını zəiflədərək təhlükəli trombların yaranmasına səbəb ola bilər. Bu risk təkcə ofis işçiləri və səfərə çıxanlarla deyil, kiberidmançılarla da bağlıdır.

News365.az xəbər verir ki, rusiyalı professor Dmitri Berezovski Lenta.ru-ya açıqlamasında uzun müddət hərəkətsiz qalmağın tromboz riskini artırdığını bildirib.

Professorun sözlərinə görə, insan orqanizmində qanın laxtalanma qabiliyyəti tarixən həyati əhəmiyyət daşıyıb. Belə ki, qədim dövrlərdə xəsarət alan insanların sağ qalması üçün qanaxmanın qısa müddətdə dayanması vacib olub. Lakin müasir dövrdə hərəkətsiz həyat tərzi bu təbii mexanizmi müəyyən hallarda təhlükəyə çevirir.

Berezovski izah edib ki, insan uzun müddət eyni vəziyyətdə oturduqda damarlar sıxılır, venoz qan dövranı zəifləyir. Nəticədə damarlarda qan laxtalarının – trombların əmələ gəlməsi üçün əlverişli şərait yaranır.

Ekspert bu vəziyyəti uzunmüddətli təyyarə səfərləri zamanı rast gəlinən “səyahətçi trombozu” ilə müqayisə edib. Onun sözlərinə görə, 7-8 saat ərzində hərəkətsiz oturmaq aşağı ətraflarda tromb yaranması ehtimalını artırır.

Əsas təhlükə isə trombun qoparaq qan dövranı ilə ürəyə, oradan da ağciyər damarlarına çatmasıdır. Bu hal ciddi fəsadlara, hətta ölümə səbəb ola bilər.

Professor qeyd edib ki, hərəkətsizliklə bağlı tromboz halları yalnız uzun səfərlərdə deyil, uzun müddət oturaq vəziyyətdə qalan hərbçilər və bəzi dini mərasimlərdə iştirak edən şəxslər arasında da müşahidə olunub.

News365.az



Sizin reklam burada
Sizin reklam burada