Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun binasının texniki vəziyyəti ilə əlaqədar korpuslardan birinin fəaliyyəti dayandırılıb.
News365.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi açıqlama yayıb.
Bildirilib ki, uzun müddət istismarda olan binanın texniki vəziyyətinin qiymətləndirilməsi zamanı onun bəzi hissələrinin qəzalı vəziyyətdə olduğu müəyyən edilib. Tibbi personalın və pasiyentlərin təhlükəsizliyi əsas götürülərək müvafiq korpusun fəaliyyətinin dayandırılması qərara alınıb.
Pasiyentlərə göstərilən xidmətlərin fasiləsizliyinin təmin edilməsi məqsədilə müvafiq tibbi yardımın Ağciyər Xəstəlikləri Mərkəzinin tabeliyində fəaliyyət göstərən ixtisaslaşmış tibb müəssisələrində təşkili nəzərdə tutulur.
Bu çərçivədə pasiyentlərin tibbi göstərişlərinə və müalicə ehtiyaclarına uyğun olaraq müvafiq profilli tibb müəssisələrinə yönləndirilməsi təmin ediləcək.