Ramiz Mehdiyev barəsində həbs qərarı elan olunduqdan sonra bir qrup deputat sanki yarışa çıxıb. Onlar Prezident Administrasiyasının sabiq rəhbərinin ünvanına sərt ifadələr səsləndirir, onunla heç bir zaman əlaqələrinin olmadığını iddia edirlər. Hətta bəzilərinin ürəyi soyumur və müəllif yazısı ilə çıxış edərək, R.Mehdiyevin ünvanına çox ağır ifadələr işlədirlər. Bunların əksəriyyəti vaxtilə R.Mehdiyevin yaxın çevrəsinə aid olan şəxslərdir - kimisi onun dəstəyi ilə mandat qazanıb, kimisi də müxtəlif imtiyazlardan yararlanıblar.
Məsələn, millət vəkili Elşən Musayev kimi…
20 oktyabr 2025-ci ildə qafqazinfo.az saytında “Allah vurub Ramiz Mehdiyevi də, onun “komanda”sını da...” sərlövhəli məqalə dərc olunub.
//qafqazinfo.az/.../ramiz-mehdiyev-her-yoldan...
O, həmin müsahibədə deyir: “Ramiz Mehdiyev hər yoldan keçənə cavab verəcəksə o zaman biz kimik? Nə deyib ortada gəzirik? Məni narahat edən məsələnin bu tərəfidir”.
Göründüyü kimi, E.Musayev “dövlətçi” qiyafəsinə girərək özünü Ramiz Mehdiyevin fədakar xidmətçisi-müdafiəçisi kimi önə çəkir.
Heç şübhəsiz, uzun illər dövlət idarəçiliyin ən üst iyerarxiyasında mühüm post tutan Ramiz Mehdiyev barəsində açılmış cinayət işi dövlət qurumlarının səlahiyyətində olan məsələdir. Onun hüquqi tərəfi barədə hökm çıxarmaq cəmiyyətin yox, dövlət sisteminin işidir.
Amma məsələnin mənəvi tərəfi daha dərindir. Elşən Musayev kimilər riyakarlıq nümayiş etdirməklə cəmiyyətdə çox pis presedentlər yaradırlar. Kəskin mövqe dəyişikliyi, keçmişə qarşı “moral qisas” ritorikası cəmiyyətdə ciddi etimad böhranı yaradır. Xalq görür ki, dünən “ustad” dediklərinə bu gün “tanımıram” deyənlər sabah kiminsə qarşısında yenidən eyni davranışı sərgiləyə bilər. Deputatlara qarşı olan qıcıq, qəzəb boş yerə deyil ki?! Bəzi istisnalar olmaqla, hansı deputat danışırsa, özünü batırır. Ramiz Mehdiyevin həbsi hər nə qədər müzakirə olunursa, Elşən Musayevin də elastik mövqeyi bir o qədər ikrah doğurur.