Ermənistan və Avropa İttifaqı arasında imzalanan “Strateji Tərəfdaşlıq Gündəliyi” adlı yeni siyasi sənəd regiondakı sülh prosesinə və geosiyasi balanslara təsir baxımından diqqət çəkir.
Ermənistanın bu sənədi məhz indi imzalaması təsadüfi deyil. Son aylarda regionda sülh sazişi istiqamətində irəliləyiş müşahidə olunur, xüsusilə Bakı–İrəvan danışıqlarında konkret konturlar formalaşıb. İrəvan anlayır ki, uzun illər etibarlı dayaq hesab etdiyi Rusiya ilə əvvəlki əməkdaşlıq artıq kifayət etmir və real sülh sazişi əlavə öhdəliklər tələb edəcək. Bu səbəbdən Aİ ilə imzalanan sənəd Ermənistan üçün siyasi “təhlükəsizlik yastığı” funksiyası daşıyır və ölkənin danışıqlardakı mövqeyini Qərbin dəstəyi ilə gücləndirməyə çalışır.
Avropa İttifaqı üçün sənəd həm də regiondakı nüfuzunu bərpa etmək və danışıqlara birbaşa təsir imkanları əldə etmək vasitəsidir. Son illərdə ABŞ bölgədə əsas aktora çevrilib, enerji və nəqliyyat marşrutları müxtəlif təsir qüvvələrinin əhatəsində formalaşır. Brüssel üçün sənəd Ermənistanı orbitinə yaxınlaşdırmaq, müşahidə missiyalarını qorumaq və regionun gələcək təhlükəsizlik memarlığında öz rolunu gücləndirmək məqsədi daşıyır.
Lakin bu addım sülh prosesinə də müəyyən çətinliklər yaradır. Belə sənədlər Ermənistanı real razılaşma masasında konstruktiv davranmaqdan uzaqlaşdıra, “Qərbin dəstəyi” illüziyasına söykənən yeni tələblər yarada bilər. Bu isə danışıqların ritmini poza, texniki məsələləri siyasi mübahisəyə çevirə bilər. Aİ-nin birtərəfli vurğular və müşahidə missiyasının prioritetləşdirilməsi, prosesin neytrallığını zəiflədə və Ermənistan daxilində populist dairələrin mövqelərini gücləndirə bilər.
Nəticə etibarilə, Aİ–Ermənistan sənədinin zamanlaması və məzmunu göstərir ki, tərəflər daha çox geosiyasi üstünlük əldə etməyə çalışır, sülh prosesini isə siyasi alət kimi istifadə edir. Bu yanaşma uzunmüddətli perspektivdə risklidir: real təhlükəsizlik təmin etmir, məsuliyyəti yayındırır və regional nizamın formalaşmasını ləngidir. Sülhün ən çox lazım olduğu bir vaxtda siyasi manevrlərin artması prosesi daha kövrək edir və həm region, həm də tərəflər üçün faydasızdır.
Politoloq Züriyə Qarayeva
