VII çağırışda heç bir deputata etik kodeksləri pozduğuna görə xəbərdarlıq və töhmət verilməyib.
Bunu Milli Məclisin İntizam komissiyasının üzvü Nəsib Məhəməliyev bildirib.
O, il sonunda növbəti iclasın keçiriləcəyi ilə bağlı konkret günün təyin edilmədiyini də qeyd edib:
“Zərurət yarandıqda, hansısa deputatla bağlı qanunvericilikdə nəzərdə tutulan hallar pozularsa və İntizam komissiyasına sənədlər daxil olarsa, təbii ki, toplaşıb müvafiq məsələlərlə baxarıq”.
Qeyd edək ki, İntizam komissiyası parlament daxilində etik davranışın, daxili intizamın və deputat fəaliyyətinin qanunvericiliklə müəyyən edilmiş çərçivədə həyata keçirilməsinə nəzarət edir. Onun əsas funksiyası deputatların davranışı ilə bağlı yaranan şikayətləri araşdırmaq, bu şikayətlərin hüquqi qiymətini vermək və Milli Məclisə müvafiq tövsiyələr təqdim etməkdir.
Komissiya parlamentin daxili institusional sabitliyini təmin edən struktur kimi formalaşıb və həm deputatların davranış kodeksinə riayət olunmasını, həm də parlament prosedurlarının pozulmamasını hədəfləyir. /// modern.az