Türkmənistan öz neytrallığının 30-cu
ildönümünü qeyd etməyə hazırlaşır. Artıq bir müddətdir Aşqabadda bu günü xüsusi təntənə ilə qeyd
etmək üçün gərgin iş aparılır. Şəhərin müxtəlif hissələrində briqadalar
paytaxtı bu özəl günə hazırlayır. Konfrans və iclas zallarında isə rəsmilər
keçirilən protokol tədbirlərinin qüsursuz icrası üçün ciddi çalışma içindədirlər.Dekabrın
4-dən etibarən mən də bu prosesin canlı müşahidəçisiyəm.
Türkmənistan
üçün neytrallıq nədir?
Türkmənistan
üçün neytrallıq sadəcə xarici siyasət kursu deyil, ümumilikdə xalqın milli
kimliyindən irəli gələn fəlsəfi bir anlayışdır. Türkmənistanın neytrallığının əsası
1995-ci ildə, müstəqilliyin ən kövrək dövründə qoyulub. SSRİ-nin dağılmasından
sonra müstəqillik əldə edən ölkələr kifayət qədər həssas vəziyyətdə idi və bu
yeni dövlətlər mövcudluğunu müxtəlif vasitələrlə təmin etməyə çalışırdı. Türkmənistanın
yerləşdiyi coğrafi mövqe və qonşuluğunda baş verən geosiyasi proseslər yeni
müstəqillik əldə edən ölkəni ciddi risklərlə üz-üzə qoyurdu.
Otuz il
keçdikdən sonra ötən dövrə baxdıqda aydın görünür ki, məhz o zaman neytrallıq
statusunun elan edilməsi ölkənin mövcudiyyətinin əsas təminatçısı olub.
30 il ərzində
Türkmənistan ordusunun əsas funksiyası ölkənin müstəqilliyinin və ərazi
bütövlüyünün təmin edilməsindən ibarətdir. Rəsmi Aşqabad heç bir ölkəyə və hərbi bloka qarşı
siyasət həyata keçirmir. Eyni zamanda yerləşdiyi həssas coğrafi mövqedə Türkmənistan
regional və beynəlxalq əməkdaşlıqdan da özünü təcrid etmir. Əksinə, neytrallıq
Türkmənistana öz iqtisadi potensialını daha aktiv reallaşdırmaq üçün əlavə
imkanlar yaradır. Ölkə enerji resurslarını daha çoxşaxəli şəkildə iqtisadi tərəfdaşları
ilə bölüşə bilir və buna görə təzyiqlərlə üzləşmir və yaxud minimallaşdırır.
Azərbaycan-Türkmənistan münasibətləri yeni çağırışlar fonunda
Xəzərin
hüquqi statusunun müəyyən edilməsindən sonra Azərbaycan–Türkmənistan münasibətləri
də özünün yeni mərhələsinə qədəm qoydu. Xüsusilə də 2025-ci il bu əlaqələrə
tamamilə yeni bir rəng qatdı. Tarixən Oğuz türkləri hesab edilən azərbaycanlılar
və türkmənlər bu gün Prezident İlham Əliyev və Türkmən xalqının Milli Lideri
Qurbanqulu Berdiməhəmmədovun səyləri ilə öz köklərinə yenidən qayıtmış oldular.
Türkmənistan tərəfindən Azərbaycanın işğaldan azad edilmiş Füzuli şəhərində məscid
inşa edilməsi iki ölkə arasında münasibətlərin yalnız siyasi deyil, həm də dərin
mənəvi əhəmiyyət kəsb etdiyini göstərir.
Aydın məsələdir
ki, əlaqələrin siyasi və mənəvi dərinliyi iki ölkə arasında iqtisadi sahədə
münasibətlərin genişləndirilməsi üçün də yeni perspektivlər açır. Prezident
İlham Əliyevin türkmənistanlı həmkarına, Azərbaycanın Mərkəzi Asiya birliyinə
qoşulmaq təşəbbüsünə göstərilən dəstəyə görə ünvanladığı təşəkkür məktubunun
ümumi tonundan da görünür ki, rəsmi Bakı Qafqaz regionunda yerləşsə də, Mərkəzi
Asiya ilə ortaq tarix və mədəni əlaqələr əsasında formalaşan münasibətləri yeni
formatda strateji müttəfiqlik səviyyəsinə yüksəltməkdə maraqlıdır. Bu kontekstdə
rəsmi Aşqabadla əlaqələr xüsusi əhəmiyyət daşıyır.
Yeni
iqtisadi şaxələnmə
Yaxın müddətdə
iqtisadiyyat, nəqliyyat, enerji, təhlükəsizlik və humanitar sahələrdə yeni iki
və çoxtərəfli layihələrin gündəmə gələcəyi gözlənilir. Xüsusilə Özbəkistan–Türkmənistan–Azərbaycan xətti üzrə
yeni nəqliyyat dəhlizinin formalaşdırılması geniş şəkildə müzakirə olunur. Eyni
zamanda Türkmənistan və Özbəkistan arasında sərhədyanı ərazidə azad ticarət
zonasının yaradılması ilə bağlı əldə edilən razılaşma Azərbaycan üçün də yeni
imkanlar açır. Bu, Azərbaycan istehsalçılarına həmin ərazidə həm Türkmənistan,
həm də Özbəkistanla daha rahat ticarət aparmaq imkanı verir ki, bu da ixracın
genişlənməsi deməkdir. Tərəflər milli maraqlarını uzlaşdırmaqla birlikdə irəliləmək
üçün unikal bir şans əldə edirlər.
Türkmənistan
üçün Azərbaycan Avropaya, Azərbaycan üçün isə Türkmənistan Mərkəzi Asiyaya əsas
çıxış qapısı hesab edilə bilər. Statistik göstəricilər də Azərbaycan–Türkmənistan
əlaqələrinin böyük iqtisadi potensiala malik olduğunu təsdiqləyir. BMT-nin hesablamalarına görə Mərkəzi
Asiya dünyanın ən gənc regionlarından biridir: burada əhalinin orta yaşı
28,7-dir. Proqnozlara əsasən, regionda orta yaş 2040-cı ildə daha da azalaraq
28,3-ə düşəcək. Müqayisə üçün, Şimali Amerikada bu göstərici 41,5 yaş, Avropada
46,8 yaş, Çində isə 48 yaş olacaq. Bütün bunlar, Mərkəzi Asiyanın digər ölkələri
kimi, Türkmənistanı da insan resursları baxımından digər regionlarla müqayisədə
daha üstün edir.
Türkmənistanın
pozitiv xarakter daşıyan neytrallığı və əhalinin gənc olması ölkəni Mərkəzi
Asiyanın İsveçrəsi olmasına şərait yaradır. Əgər Avropada əsas neytral masa
İsveçrədə, Yaxın Şərqdə Dubayda qurulursa, Mərkəzi Asiyada isə bu rol Türkmənistanın
üzərinə düşə bilər.
Beləliklə, Mərkəzi
Asiyanın artan iqtisadi potensialı fonunda rəsmi Aşqabad yeni bir mövqeyə yüksəlmək
ərəfəsindədir. Əgər 30 il öncə neytrallığın başlıca məqsədi ölkənin müstəqilliyini
qorumaq və möhkəmləndirmək idisə, yeni mərhələdə Türkmənistanın neytrallığı ona
regionun iqtisadi dirçəlişindən əhəmiyyətli pay almağa imkan verəcək. Ehtimal
etmək olar ki, dövlətlərarası iqtisadi maraq toqquşmaları Türkmənistanda
uzlaşdırıla biləcək. Qlobal geosiyasi proseslər fonunda görünən odur ki, rəsmi
Aşqabad artıq Avropa ilə Asiya arasında sadəcə tranzit məntəqəsi deyil,
özlüyündə regional aktor kimi çıxış etməyə hazırdır.
Aqil Məmmədov, politoloq