Moskvada Ermənistanın Rusiyadakı Səfirliyinin qarşısında etiraz aksiyası keçirilib.
News365.az “Ria Novosti”yə istinadən xəbər verir ki, aksiya Ermənistanın Baş naziri Nikol Paşinyana etiraz, Erməni Apostol Kilsəsinə dəstək məqsədilə təşkil edilib.
Nümayişdə mindən çox etirazçının iştirak etdiyi bildirilib. Onlar Ermənistan hökumətindən Katolikos II Qareginə qarşı hücumları dayandırmağı və Erməni Apostol Kilsəsinin həbs olunan din xadimlərinin azad edilməsini tələb ediblər.
Paşinyan Avrasiya İqtisadi Birliyinin hökumətlərarası şurasının iclasında iştirak etmək üçün hazırda Rusiyada səfərdədir.
Xatırladaq ki, bu ilin yayından başlayaraq Paşinyan hökuməti və kilsə arasındakı anlaşılmazlıqlar fonunda bir sıra din xadimləri hakimiyyəti zorla ələ keçirmə ittihamları ilə həbs ediliblər. Onu da bildirək ki, iyunda Ermənistanda II Qareginin iqamətgahında dövlət çevrilişində ittiham olunan arxiyepiskop Mikael Adjapaxyanın saxlanılması üzrə də əməliyyat keçirilmişdi.