Serj Sarkisyan 2016-cı ildə Putinə yazdığı məktubda nələri etiraf edib? - ƏTRAFLI

Serj Sarkisyan 2016-cı ildə Putinə yazdığı məktubda nələri etiraf edib? - ƏTRAFLI
03 Dek 2025 09:22
Nikol Paşinyan söz verdiyi kimi, 30 il ərzində Ermənistan-Azərbaycan arasında davam edən danışıqlar prosesinə dair 13 PDF fayl yayımladı. Bu faylların içərisində bir neçəsi BMT-nin sənədləridir və onlar barədə ictimaiyyətin uzun illərdir xəbəri var idi.
Digər fayllarda isə danışıqlar prosesinin müxtəlif məqamları və dövrləri barədə paket formasına salınmış sənədlərdir. Sənədlər içərisində ilk oxuduğum Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan tərəfindən 2016-cı ilin avqustunda Rusiya Prezidenti Vladimir Putinə yazılmış məktub oldu. Bu məktubdan aydın olur ki, 2016-cı ilin aprel döyüşlərindən sonra Azərbaycan həm hərbi, həm də diplomatik müstəvidə diktə edən tərəfə çevrilib. Serj Sarkisyanın bu məktubu əslində rəsmi İrəvanın artıq dalana dirəndiyinin və masada olduğu kimi, döyüş meydanında da çarəsizliklə üz-üzə qaldığının etirafıdır. Bu sənəddən hasil olan nəticə ondan ibarətdir ki, Prezident İlham Əliyev masa arxasında 5 rayonun qaytarılması müqabilində o zaman işğal altında olan Dağlıq Qarabağa status verilməsi təklifini qəbul etmir. Artıq aprel döyüşlərindən sonra Ermənistan rəhbərliyi anlayırdı ki, işğal altında olan 5 ətraf rayonun qaytarılması hərbi-texniki cəhətdən üstün olan Azərbaycanın hərbi-strateji üstünlüyünü təmin edəcək. Ona görə də Serj Sarkisyan rəsmi Moskvanı daha aktiv tərəf kimi prosesə cəlb etməyə çalışır. Bir sözlə, 2016-cı ilin aprel döyüşləri Azərbaycan diplomatlarının müzakirə masasında mövqelərini gücləndirdi. Necə deyərlər, hər bir diplomat oturduğu masanın arxasında özünü o zaman güclü hesab edir ki, onun arxasında güclü ordu dayansın.
Aqil Məmmədov, politoloq

Sizin reklam burada
Sizin reklam burada