Avropa İttifaqının regionla bağlı son addımları, xüsusilə Ermənistana təqdim etdiyi yeni sənəd və müşahidə missiyasının fəaliyyəti yenidən müzakirə mövzusuna çevrilib. Ekspertlər hesab edir ki, Brüsselin bu siyasəti Cənubi Qafqazda yaranmış yeni reallıqlarla ziddiyyət təşkil edir və sülh prosesinə təsirsiz ötüşmür.
Politoloq Ülviyyə Zülfüqar Avropa İttifaqının regiondakı mövqeyi və atdığı addımların sülh prosesinə təsiri ilə bağlı News365.az-a açıqlama verib.

O bildirib ki, Avropa İttifaqı əvvəllər də ikili standartlara əsaslanan mövqeyi ilə seçilib və bu gün də eyni yanaşma davam edir:
“Avropa İttifaqının bəyanatları, yanaşmaları və xüsusən bölgəyə göndərdiyi missiyanın fəaliyyəti hər zaman qıcıq doğurub. Avropa missiyasının əvvəldən məlum olan siyasi davranışı hamımızın yadındadır və bu, regionda gərginlik yaradan addım kimi qiymətləndirilib.”
Politoloqun sözlərinə görə, Aİ missiyasının hələ də Ermənistan ərazisini tərk etməməsi, əksinə, müddəti uzatmağa çalışması Azərbaycanın haqlı narazılığı ilə qarşılanır:
“Missiyanın hələ də Ermənistanda fəaliyyət göstərməsi, bununla yanaşı, danışıqlar prosesinə dolayı müdaxilə cəhdləri həm balans prinsipini pozur, həm də Azərbaycan tərəfindən etirazla qarşılanır.”
Aİ-nin Ermənistana təqdim etdiyi son sənəddə də bölgədə siyasi mövqeyini gücləndirməyə çalışdığı açıq görünür. Lakin Zülfüqarın fikrincə, tərəflər arasında artıq birbaşa təmaslar mövcuddur və əlavə müdaxiləyə ehtiyac yoxdur:
“Avropa İttifaqı bölgədə yaranmış yeni geosiyasi reallıqda sülhə töhfə verən addımlar atmalı olduğu halda, əksinə, bəzi radikal mövzuları gündəmə gətirməklə prosesi zədələyir. Bu, nə sülhə xidmət edir, nə də Aİ-nin siyasi imicinə müsbət təsir göstərir.”
Sonda politoloq vurğulayıb ki, Aİ regionda sabitliyə mane ola biləcək davranışlardan çəkinməli, sülhə real töhfə verən addımlara üstünlük verməlidir:
“Bu kimi sənədlər və uğursuz təşəbbüslər regionda formalaşmaqda olan sülh prosesini əngəlləməməlidir.”