Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyartonun həmsədrlik etdikləri Azərbaycan–Macarıstan Strateji Dialoqunun 3-cü iclası Budapeştdə keçirilib.
Bu barədə News365.az-a Xarici İşlər Nazirliyindən bildirilib.
İclasda Azərbaycan–Macarıstan strateji tərəfdaşlığının mükəmməl səviyyəsini yüksək qiymətləndirib və dostluq, ortaq maraqlar və yüksək səviyyəli siyasi dialoqla dəstəklənən dinamik inkişafı nəzərdən keçirilib.
Tərəflər ticarət, investisiya, enerji, nəqliyyat və logistika sahələrinə fokuslanaraq yeni əməkdaşlıq üfüqlərinin açılmasının son dərəcə vacib olduğunu vurğulayıblar.
Macarıstanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında, xüsusilə Cəbrayıl rayonunun Soltanlı kəndinin yenidən qurulmasında iştirakına diqqət çəkilib.
Qeyd edilib ki, Azərbaycan Macarıstanın türk dünyasındakı aktiv rolunu və BMT, ATƏT və digər beynəlxalq platformalarda yaxın koordinasiyanı yüksək qiymətləndirir.
Görüşün sonunda tərəflər Macarıstanın Energetika Nazirliyi ilə Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu, həmçinin Azərbaycan–Macarıstan Strateji Dialoqunun 3-cü iclasının Protokolunu imzalayıblar.