Son günlər daxili siyasi müzakirələrin diqqət mərkəzinə çevrilən mövzulardan biri də tanınmış siyasətçilər arasında səsləndirilən qarşılıqlı iddialardır.
"Media Türk TV"də çıxışı zamanı Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Əli Kərimli və tərəfdarlarının Ramiz Mehdiyevlə ehtimal olunan əlaqələrindən bəhs edərək, bu kontekstdə onun keçmiş müavini olmuş Razi Nurullayevin adını da hallandırıb.
Sərdar Cəlaloğlu bildirib ki, Əli Kərimlinin rəhbərliyi dövründə partiya daxilində bir çox şəxslərin Ramiz Mehdiyevlə əlaqələrinin olması mümkün sayılır və bu ehtimalın Razi Nurullayev üçün də istisna edilmədiyini vurğulayıb.
Deputat bildirib ki, Ramiz Mehdiyevi ancaq televiziyada görüb:
"Ramiz Mehdiyevlə mənim aramda hər hansı əlaqə axtarmaq tamamilə əsassız, cəfəng və uydurulmuş bir fikirdir. Mən o adamı yalnız televiziyada və şəkillərdə görmüşəm. Heç vaxt görüşməmişəm, danışmamışam, heç bir münasibətim olmayıb".
O, Sərdar Cəlaloğlunun bu cür iddialar səsləndirməyinin səbəbini də açıqlayıb:
"Sərdar bəy artıq uzun müddətdir ki, siyasətdə faktı bir kənara qoyub fantaziyalarla danışır. Onun son açıqlamaları göstərir ki, məqsəd analitik fikir vermək yox, sadəcə efirdə səs-küy yaratmaq, gündəmə çıxmaq və özünə yer tapmaqdır. Onun özü Ramiz Mehdiyev haqqında təriflər yağdırıb, fəaliyyətini öyüb, kitablarına dəyər verdiyini yazıb. Bu iddia da həmin səviyyənin məhsuludur. Heç bir fakt, heç bir dəlil, heç bir məntiq yoxdur. Sadəcə fikir olsun deyə danışılmış bir söz.
Həqiqət isə çox sadədir: Sərdar Cəlaloğlu hər dəfə çömçə kimi müxtəlif mövzuları bir-birinə qatıb özünü “dərin bilən adam” kimi göstərməyə çalışır. Bu isə nə siyasi analizdir, nə də ciddiyyətin göstəricisi:
Mənim siyasi fəaliyyətim o dövrdə də, bu gün də şəffaf olub. Heç kim mənim adıma hansısa gizli əlaqə, kölgəli münasibət yapışdıra bilməz. Çünki belə bir şey olmayıb" - deyə o qeyd edib./// Modern