ABŞ ilə Avropa İttifaqı arasında Ukrayna ilə bağlı təkliflərdə ciddi ziddiyyətlər qalmaqdadır. Bu uyğunsuzluqlar səbəbindən planlaşdırılan görüşün baş tutmaması gündəmə gəlib.
Politoloq Murad Sadəddinov News365.az-a açıqlamasında bildirib ki, tərəflərin irəli sürdüyü şərtlər arasında fərqlər kifayət qədər böyükdür.

Ekspertin sözlərinə görə, ABŞ prezidenti Donald Tramp Ukrayna ilə müqavilənin mümkün qədər qısa müddətdə imzalanmasına çalışır. Bunun əsas səbəbi həm zamanın məhdud olması, həm də seçki öncəsi verdiyi vədlərin hələ də yerinə yetirilməməsidir:
“Tramp dəfələrlə müharibəni bir neçə günə dayandıracağını bildirib, lakin proses uzanır. Gələn il ABŞ-da həm Senat, həm də Konqres seçkiləri keçiriləcək və hazırki reytinglər demokratların üstünlük əldə edə biləcəyini göstərir. Bu isə Trampın imkanlarını məhdudlaşdıra bilər”.
Politoloq həmçinin vurğulayıb ki, ABŞ-nin təklif etdiyi ilkin sənəd 28 bənddən ibarət idi, lakin indi 20 bəndə endirilib. Ən kritik məsələ isə Ukraynanın öz ərazilərinin bir hissəsini Rusiyaya “könüllü şəkildə təhvil verməsi” ilə bağlı bənddir.
Sadəddinov əlavə edib ki, Tramp üçün narahatlıq yaradan digər məqam Avropada dondurulmuş vəsaitlərin ABŞ-ın idarə etdiyi fondlara yönləndirilməsi ilə bağlı maddədir:
“Tramp yaxşı anlayır ki, bu görüşdən ciddi nəticə çıxmayacaq. Buna görə də o, əvvəlki kimi bu cür danışıqların geniş ictimaiyyətə yayılmasının tərəfdarı deyil”.