İlham Əliyev həm müharibəni, həm də sülhü qazandı- DETALLAR

İlham Əliyev həm müharibəni, həm də sülhü qazandı- DETALLAR
14:44

Cənubi Qafqazın son onilliklərdəki siyasi tarixində elə hadisələr var ki, onların nəticəsi yalnız hərbi meydanda deyil, diplomatik masada və geosiyasi müstəvidə də ölçülür.

Azərbaycan Prezidenti İlham Əliyevin Qarabağ münaqişəsi ilə bağlı siyasəti məhz belə çoxmərhələli proses kimi qiymətləndirilə bilər. Azərbaycanın 2020-ci ildə Vətən müharibəsində qazandığı qələbə ərazi bütövlüyünün bərpası ilə nəticələndi, 2023-cü ildə isə Qarabağda separatçı rejimin mövcudluğuna son qoyuldu. Bundan sonrakı mərhələ isə əldə edilmiş hərbi-siyasi nəticələrin davamlı sülhə çevrilməsi oldu.

Bu mənada “İlham Əliyev həm müharibəni, həm də sülhü qazandı” fikri təkcə siyasi şüar deyil, Azərbaycanın son illərdə keçdiyi prosesin mahiyyətini ifadə edən yanaşmadır.

Müharibədə əsas hədəf – ərazi bütövlüyünün bərpası

1990-cı illərin əvvəllərində Azərbaycan torpaqlarının işğalı ölkənin qarşısında uzunmüddətli təhlükəsizlik problemi yaratmışdı. ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlar illər ərzində nəticəsiz qaldı. 2016-cı ilin Aprel döyüşləri və 2018-ci ilin Günnüt əməliyyatı göstərdi ki, status-kvonun dəyişdirilməsi artıq Azərbaycanın strateji gündəliyinin əsas istiqamətlərindən birinə çevrilib.

2020-ci ilin sentyabrında başlayan Vətən müharibəsi isə yeni mərhələ açdı. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan bir sıra şəhər, qəsəbə və kəndləri işğaldan azad etdi. Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatla Ermənistan kapitulyasiya xarakterli razılaşmaya getdi və Azərbaycanın işğal altında qalan Ağdam, Kəlbəcər və Laçın rayonlarının qaytarılması təmin edildi.

Hərbi qələbənin ən mühüm nəticəsi isə 2023-cü ilin sentyabrında baş verən lokal antiterror tədbirlərindən sonra Azərbaycanın bütün ərazisi üzərində suverenliyinin bərpa olunması oldu.

Beləliklə, Azərbaycan qarşısına qoyduğu əsas strateji məqsədə – ərazi bütövlüyünün və suverenliyin bərpasına nail oldu.

Lakin qələbənin əsl sınağı bundan sonra başladı

Hərbi qələbə siyasi nəticəyə çevrilməsəydi, regionda yeni qarşıdurma riski qalmaqda davam edəcəkdi. Buna görə Azərbaycanın qarşısında ikinci və daha mürəkkəb vəzifə dayanırdı: müharibədən sonrakı reallığı davamlı sülh arxitekturasına çevirmək.

İlham Əliyevin siyasətində bu mərhələnin əsas xüsusiyyəti ondan ibarət oldu ki, Bakı əldə etdiyi hərbi üstünlüyü yeni müharibəyə deyil, siyasi-diplomatik nəticələrin möhkəmləndirilməsinə yönəltdi.

Azərbaycan və Ermənistan arasında sülh sazişi üzrə danışıqların intensivləşməsi, sərhədlərin delimitasiyası və demarkasiyası istiqamətində əldə olunan irəliləyişlər, kommunikasiyaların açılması məsələsinin gündəmdə saxlanılması göstərir ki, postmünaqişə mərhələsində Azərbaycanın strategiyası yalnız Qarabağın bərpası ilə məhdudlaşmır.

Məqsəd Cənubi Qafqazda yeni siyasi reallıq yaratmaqdır.

Azərbaycanın üstünlüyü: həm hərbi, həm diplomatik nəticə

İlham Əliyevin siyasətinin əsas xüsusiyyətlərindən biri hərbi və diplomatik alətlərin bir-birini tamamlamasıdır. Müharibə Azərbaycanın mövqeyini gücləndirdi, diplomatiya isə bu hərbi nəticələrin beynəlxalq müstəvidə möhkəmləndirilməsinə xidmət etdi.

Azərbaycanın enerji, nəqliyyat və iqtisadi imkanları da bu prosesdə mühüm rol oynadı. Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Zəngəzur istiqamətində kommunikasiyaların açılması perspektivi və Orta Dəhlizin inkişafı Azərbaycanın regiondakı geoiqtisadi çəkisini artırır.

Başqa sözlə, Qarabağ qələbəsi yalnız ərazi məsələsinin həlli deyil, Azərbaycanın regional güc kimi mövqeyinin daha da möhkəmlənməsi ilə nəticələndi.

Sülh artıq yalnız Ermənistanla münasibətlər məsələsi deyil

Bu gün Azərbaycan-Ermənistan münasibətlərində sülh perspektivi daha geniş regional prosesin tərkib hissəsidir. Davamlı sülh Azərbaycan, Ermənistan və bütün Cənubi Qafqaz üçün yeni iqtisadi imkanlar yarada bilər.

Sərhədlərin müəyyənləşdirilməsi, nəqliyyat əlaqələrinin bərpası, qarşılıqlı iqtisadi münasibətlərin genişlənməsi və region ölkələrinin bir-birinə inteqrasiyası müharibədən sonrakı mərhələnin əsas istiqamətləridir.

Azərbaycanın yanaşmasının fərqli cəhəti isə ondan ibarətdir ki, Bakı sülhü öz suverenliyinin və ərazi bütövlüyünün tanınması üzərində qurmaq istəyir. Bu, hərbi qələbənin siyasi nəticəyə çevrilməsi baxımından mühüm prinsipdir.

Ən böyük qələbə – müharibəni tarixə çevirməkdir

İlham Əliyevin qarşısında indi daha böyük siyasi vəzifə dayanır: 30 ilə yaxın davam edən münaqişəni regionun gələcəyini müəyyən edən əsas amil olmaqdan çıxarmaq.

Əgər müharibə Azərbaycanın ərazi bütövlüyünü bərpa edibsə, sülh həmin qələbəni gələcək nəsillər üçün təhlükəsizlik və inkişaf kapitalına çevirməlidir.

Bu baxımdan “müharibəni qazandı” ifadəsi Azərbaycanın hərbi qələbəsini, “sülhü qazandı” ifadəsi isə həmin qələbənin siyasi-diplomatik nəticəyə çevrilməsi potensialını ifadə edir.

İlham Əliyevin qarşısında duran əsas tarixi missiya artıq torpaqları azad etməkdən daha genişdir: azad edilmiş ərazilərdə həyat qurmaq, regional kommunikasiyaları canlandırmaq, Azərbaycanın geosiyasi və geoiqtisadi imkanlarını genişləndirmək və Cənubi Qafqazda uzunmüddətli sülhün əsaslarını möhkəmləndirmək.

İlham Əliyevin ən böyük diplomatik hünəri ondadır ki, qlobal güclərlə necə davranmağı çox gözəl bilir. Balanslaşmış siyasət hesabına bu gün Azərbaycanı düşmən gözündə görən dövlət yoxdur.

Əksinə bütün dövlətlər Azərbaycanla iqtisadi əlaqələr qurmağa çalışır. Bu məsələdə Azərbaycanın coğrafi mövqeyi xüsusi əhəmiyyət daşıyır.

Qərb-Şərq, Şimal-Cənub nəqliyyat dəhlizlərinin Azərbaycandan keçməsi ölkəmizin mövqeyini xeyli gücləndirir. Bu gün həm ABŞ, həm Rusiya, həm də Çin Azərbaycan üzərindən keçən nəqliyyat dəhlizlərində iştirakda çox maraqlıdır.
Üstəlik Azərbaycan lideri dünyaya yeni nəqliyyat dəhlizini- Zəngəzuru təklif etməklə yenidən diqqət mərkəzinə düşdü.

Bu dəhlizdə Azərbaycanın strateji qazancı nədir?

Azərbaycan üçün layihənin üç aspektdən xüsusi əhəmiyyət kəsb edir:

- Naxçıvanın Azərbaycanın əsas ərazisi ilə birbaşa quru bağlantısı yaranır.

- Azərbaycan Şərq–Qərb və Şimal–Cənub nəqliyyat marşrutlarının kəsişmə nöqtəsində mövqeyini daha da möhkəmləndirir. Rəsmi Azərbaycan mənbələri də Zəngəzur bağlantısını hər iki əsas nəqliyyat istiqamətinin yeni seqmenti kimi qiymətləndirir.

- Bakı regional logistika mərkəzi statusunu gücləndirir. Azərbaycan artıq Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu və Ələt logistika imkanları vasitəsilə Orta Dəhlizin əsas halqalarından biridir. Zəngəzur bağlantısının əlavə olunması bu sistemin coğrafiyasını genişləndirəcək.

Zəngəzur Orta Dəhlizin əsas halqasına çevrilə bilər

Ən real perspektiv Zəngəzur xəttinin ayrıca bir yol deyil, daha böyük regional logistika sisteminin hissəsinə çevrilməsidir.

Çin və Mərkəzi Asiyadan gələn yüklər Xəzər üzərindən Azərbaycana daxil olaraq Bakıdan qərbə – Gürcüstan və Türkiyəyə, cənub-qərb istiqamətində isə Zəngəzur üzərindən Naxçıvan və Türkiyəyə yönələ bilər. Bu isə Azərbaycanı alternativ marşrutların bir-biri ilə kəsişdiyi mühüm logistika mərkəzinə çevirə bilər.

News365.az


Sizin reklam burada
Sizin reklam burada