Qardaş dediyin nə, yağdırılan hədyanlar nə..?

Qardaş dediyin nə, yağdırılan hədyanlar nə..?
27 Sen 2026 16:40

Bəzən söz güllədən daha uzağa gedir. Güllədən daha ağır yara açır. Son zamanlar Türkiyənin bəzi media və sosial media seqmentlərində, TV-lərində Azərbaycanı, onun rəhbərini hədəfə alan təhqir dolu fikirlər yer almaqdadır. Arada səngimələr olsa da, bəzən keçəri olub, amma bir müddətdən sonra yenə də qərəz və açıq təhqirlə üzərimizə gəlinib. Bu günlərdə yenə də başlayıblar. Əllərinə bəhanə düşüb sanki. Azərbaycan niyə BMT tribunasında danışana etiraz edib zalı tərk etməyib deyirlər. Bu yerdə haqlı olaraq sual yaranır? Bu tozanağı qopanların yanaşması nə qədər doğrudur?


Onlar Azərbaycanın müstəqil, suveren ölkə olduğunu bilmirlərmi?


Dövlətlərə münasibətdə hansı siyasi jest, nə kimi hərəkət etməli olduqlarını kimdənsə soruşmalıdılarmı?


Bir də axı o zalda qalan təkcə azərbaycanlı diplomatlar olmayıblar axı? Niyə bəs Azərbaycanın üzərinə bu qədər gəlinir? Qaralama kampaniyasının siqnalı hardan verilib?


Doğrudanmı bu kampaniyanı aparanlar bilmirlər ki, diplomatiyada qapını çırpıb getmək yox, dinləyib qənaətə gəlmək vacib hesab olunur.


Bakını yamanlayanlar bilmirlərmi ki, diplomatiyanın mahiyyətində qarşı tərəfin mövqeyini bilmək və bundan sonra öz dövlətinin maraqları çərçivəsində hərəkət etmək kimi məqamlar da var.


Bir sözlə, suallar çoxdur. Cavab məlumdur. Bilərəkdən və yaxud bilməyərəkdən ölkəni, onun rəhbərini qaralamaq və minnət qoymaq. Belə olmaz. Olmur. Azərbaycanın son 30 ildə başına gələnlər ona dərs olub. Bundan sonrakı addımlarını da yüz ölçüb bir biçmək haqqı da özündədir. Bakının diplomatik qərarı da öz seçimidir. Qardaş, müttəfiq, tərəfdaş, dil, soy kökü eyni olduqları bunu anlayışla qarşılamalıdır.


Belə olmayacaqsa, təsir əks təsir doğuracaq. Bunu isə heç arzulamazdıq. İstəməzdik. Heç bir halda. Yaradan göstərməsin.


Bu arada bu gün həm də anım günüdür. Vətən savaşında can verənlərin günü. Şəhidlərimizin günü. 3000-dən artıq şəhidin canından, on minlərlə qazinin sağlamlığından olduğu günün başlanğıc günü. 44 günə Vətəni bütöv edənlərin günü. Bütün Azərbaycan anır onları. Baş əyir ruhları və amalları qarşısında. Həmişə də belə olacaq.


Unutmayacaq, unutdurmayacağıq. Haqlarına kimlərinsə şərik çıxmasına da imkan verməyəcəyik. Haqqınız haqqımızdır, igidlər.


Deyə bildimmi?



Bəturə Nəbiyeva


Sizin reklam burada
Sizin reklam burada