Türkiyə mediasında son günlər Azərbaycanla bağlı səslənən bəzi fikirlər də məhz bu sualı doğurur. Azərbaycanı davamlı şəkildə müzakirələrin hədəfinə kimlər və niyə çevirirlər? Məqsəd, niyyət nədir? Suallar konkret olduğu kimi, cavablar da konkretdir. Özü də bu cavabların müəllifləri elə türk qardaşlarımızın özləridir.
Ölkələrində Ermənistanla sərhədlərin açılması prosesinə hazırlıq görülür kimi planlar varmış. Olsun. Türkiyə müstəqil dövlətdir. İstədiyi dövlətlə də əməkdaşlıq etmək, ticari, iqtisadi, siyasi, lap hətta mədəni əlaqələr qurmaq haqqına sahibdir.
Amma… Əmması odur ki, niyyətinə çatmaq üçün qardaş, müttəfiq, tərəfdaş ölkəylə aralığı pozmaq üçün bəhanə axtarmağa ehtiyac niyə bu qədər vacib olsun ki?
Əgər məqsəd Ermənistanla ünsiyyət qurmaqdırsa, bunun yolu Azərbaycanla münasibətləri gərginləşdirməkdən niyə keçsin ki?
Qardaşlıq niyə bazarlıq predmetinə çevrilsin ki?
Bütün dünyanı “Türklər bizi genosid etdi” deyib ağılalmaz təhqirlər yağdıran, hətta diplomatların qətlinə fərman verənlər niyə belə mataha mindirilsinlər ki? Özü də qardaş bildiyinə, dediyinə qarşı böhtan və şər kampaniyası hesabına.
Əfəndilər, abilər, bəzi bağlar var ki, onları bazarın deyil, tarixin və etimadın ölçüsü müəyyən edir.
Tarix demiş, onun yaddaşında da o qədər nəsnələr var ki, bəzən üstünü vurmadan keçmək istəyirsən. O da bəzən alınır, bəzən də yox…
Lənət şeytana…
Bəturə Nəbiyeva