"Bu müharibə çox uzansa, ən çox mülki əhali zərər görəcək"- Politoloqdan şərh

"Bu müharibə çox uzansa, ən çox mülki əhali zərər görəcək"- Politoloqdan şərh
13:45

"Təbii ki, gözlənilən buydu – Pakistan və Hindistan arasında müharibə ehtimalı artıq bir müddətdir gündəmdə idi. Düşünürəm ki, bu qarşıdurmaya hazırlıqlar aylar öncə tamamlanmışdı. Hazırkı vəziyyətdə dünya ictimaiyyəti daha çox Hindistanın mövqeyinə dəstək verir. Mən izlədiyim xarici mediada bunu müşahidə edirəm."

Politoloq Rüstəm Tağızadə bu sözləri News365.az-a açıqlamasında deyib. 

"Azərbaycan dövləti də, təbii ki, Pakistanla həmrəylik nümayiş etdirib, bunu XİN səviyyəsində bəyan edib. Lakin buna baxmayaraq, Azərbaycan ehtiyatlı və balanslı mövqe tutur, xüsusilə bu məsələyə müharibə baxımından yanaşdıqda.

Hindistanın mülki insanlara zərər yetirdiyi bildirilir. Pakistan tərəfinin iddialarına görə, su elektrik stansiyası da zərər görüb və bu da ölkənin infrastrukturuna ciddi problemlər yaradıb. Pakistan isə Hindistana cavab verib – xarici media orqanlarında Hindistanın bir neçə qırıcı təyyarəsinin vurulduğu xəbərləri yayılıb.

Düşünürəm ki, əgər tərəflər arasında diplomatik münasibətlər bərpa olunmasa və vasitəçi tapılmasa, münaqişə daha da dərinləşəcək. Mediada oxuduğuma görə, Birləşmiş Ərəb Əmirlikləri bu münaqişədə vasitəçilik etmək üçün müraciət alıb, amma hələlik bunu qəbul edib-etmədikləri məlum deyil.

Təəssüf ki, nə Birləşmiş Ərəb Əmirlikləri, nə də digər böyük dövlətlər bu müharibənin səngiməsi üçün real addımlar atmırlar. Nəzərə almaq lazımdır ki, hər iki ölkə nüvə silahına malikdir və müharibə daha da qızışarsa, ən çox zərər görən mülki əhali olacaq. Bu da, təbii ki, daha çox insanın həyatını itirməsi ilə nəticələnəcək. Mülki əhalinin həmin ərazilərdən tam təxliyə olunması isə, məncə, real və mümkün deyil."


Sizin reklam burada
Sizin reklam burada