Macarıstan parlamenti mobil telefon oğurlamaqda ittiham olunan Baş nazir Peter Macarın deputat toxunulmazlığını ləğv edib.
News365.az xəbər verir ki, deputatlar hökumət başçısının toxunulmazlığının aradan qaldırılması ilə bağlı prokurorluğun təqdimatını səs çoxluğu ilə dəstəkləyiblər. Bununla da Peter Macar barəsində cinayət işi başlanmasına hüquqi imkan yaranıb.
“Bu qərarın lehinə 139 nəfər səs verib. Əleyhinə səs verən və bitərəf qalan olmayıb”, - deyə parlamentin spikeri Aqneş Forsthoffer M1 telekanalında yayımlanan növbədənkənar iclasda bildirib.
Prokurorluğun təqdimatını hakim “Tisza” partiyasının və ultramühafizəkar “Bizim Vətənimiz” partiyasının deputatları dəstəkləyib.
Müxalifətdə olan “FİDES – Macarıstan Vətəndaş Birliyi” və xristian-demokratların fraksiyaları isə iclasa qatılmayıb. Onlar buna etiraz olaraq iclası boykot ediblər. Çünki həmin iclasda Viktor Orban hökumətində keçmiş nazir olmuş iki deputatın toxunulmazlığının ləğvi məsələsinə də baxılıb.
Peter Macar həm baş nazir, həm də parlamentin deputatıdır. Onun rəhbərlik etdiyi “Tisza” partiyası parlamentdə yerlərin üçdə ikisindən çoxuna sahibdir.
Peter Macar özü deputat toxunulmazlığının ləğv edilməsini istəyib. O, istintaqla əməkdaşlıq etməyə hazır olduğunu və qorxduğu heç bir şeyin olmadığını bildirib.
Hadisə 2024-cü ilin iyununda baş verib. Həmin vaxt Macar gecə klubunda onu videoya çəkən şəxsin mobil telefonunu əlindən alaraq Dunay çayına atıb.
Peter Macar hadisə ilə bağlı bildirib ki, keçmiş hakimiyyət nümayəndələri ona qarşı təxribat təşkil etməyə çalışıblar.