Orta Dəhliz uğrunda rəqabət: Azərbaycanın rolu artır

Orta Dəhliz uğrunda rəqabət: Azərbaycanın rolu artır
13:10

Dünya nizamının dəyişməsi və böyük güclər arasında rəqabətin dərinləşməsi Mərkəzi Asiyanın geosiyasi əhəmiyyətini artırır. Bu prosesdə Orta Dəhliz beynəlxalq nəqliyyat marşrutu kimi ön plana çıxır, Azərbaycanın isə regionda strateji mövqeyini daha da gücləndirir.

News365.az xəbər verir ki, bunu politoloq Əli Zülfüqaroğlu bildirib.


Onun sözlərinə görə, İkinci Dünya müharibəsindən sonra formalaşmış dünya nizamının transformasiyası və çoxqütblü sistemə keçid prosesi dövlətlərarası münasibətlərə ciddi təsir göstərir. Aparıcı güclər arasında rəqabətin dərinləşməsi yeni geosiyasi risklər yaradır, beynəlxalq münasibətlər sisteminin yenidən formalaşmasını sürətləndirir.

Politoloq qeyd edib ki, Mərkəzi Asiya əlverişli coğrafi mövqeyi, iqtisadi potensialı və beynəlxalq nəqliyyat dəhlizləri üzərində yerləşməsi baxımından böyük dövlətlərin diqqət mərkəzindədir. Çin, Rusiya, ABŞ və Avropa İttifaqı regionda öz mövqelərini gücləndirməyə çalışır.

Əli Zülfüqaroğlunun fikrincə, yaranmış şəraitdə Mərkəzi Asiya ölkələrinin çoxvektorlu xarici siyasət yürütməsi və müxtəlif güc mərkəzləri ilə münasibətlərini balanslaşdırması zərurətə çevrilib. Bu yanaşma onlara beynəlxalq rəqabət şəraitində manevr imkanları yaratsa da, müəyyən geosiyasi riskləri də artırır.

Politoloq Orta Dəhlizin artan əhəmiyyətinə də diqqət çəkib. O bildirib ki, Yaxın Şərqdə baş verən hadisələr və Ukrayna müharibəsi beynəlxalq nəqliyyat marşrutlarının fəaliyyətində problemlər yaradıb. Bu amillər Orta Dəhlizin alternativ tranzit marşrutu kimi əhəmiyyətini daha da artırıb.

Onun sözlərinə görə, hazırda bir çox ölkə bu marşrutun imkanlarından yararlanmağa və onun inkişafında iştirak etməyə çalışır. Bu baxımdan Orta Dəhliz təkcə iqtisadi deyil, həm də mühüm geosiyasi əhəmiyyət daşıyır.

Əli Zülfüqaroğlu hesab edir ki, qlobal geosiyasi böhranın yaratdığı imkanlardan səmərəli istifadə edən ölkələrdən biri də Azərbaycandır.

“Azərbaycan geosiyasi böhranın yaratdığı imkanlardan öz lehinə istifadə etməklə Qarabağ problemini də həll etdi. Artıq ölkəmizin qarşısında yeni hədəflər dayanır”, – deyə politoloq vurğulayıb.

O əlavə edib ki, Orta Dəhlizdə Azərbaycanın mövqeyi xüsusi əhəmiyyət daşıyır və bu amil ölkəyə əlavə siyasi və iqtisadi dividendlər qazandırır.

Politoloqun qənaətinə görə, Azərbaycanın həyata keçirdiyi balanslaşdırılmış siyasət ölkəni mümkün geosiyasi təhdidlərdən qorumaqla yanaşı, qlobal böhranların yaratdığı fürsətlərdən yararlanmağa da imkan verir. Gələcəkdə beynəlxalq proseslərə uyğun çevik siyasətin davam etdirilməsi ölkənin regional və beynəlxalq mövqelərini daha da gücləndirə bilər.


Sizin reklam burada
Sizin reklam burada