Konstitusiya hər bir dövlətin yalnız ali hüquqi sənədi deyil, həm də onun müstəqilliyinin, suverenliyinin, milli kimliyinin və gələcəyə baxışının ifadəsidir. Dövlətin siyasi, iqtisadi və hüquqi inkişaf istiqamətlərini müəyyənləşdirən bu fundamental sənəd xalqın iradəsini, dövlətçilik ənənələrini və cəmiyyətin ortaq dəyərlərini özündə birləşdirir. Azərbaycan üçün Konstitusiya günü isə müstəqil dövlət quruculuğumuzun ən mühüm tarixi mərhələlərindən birini xatırladır.
1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi – referendum yolu ilə müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi dövlətçilik tariximizdə yeni bir mərhələnin başlanğıcı oldu. Bu sənəd Azərbaycan xalqının öz taleyinə sahib çıxmaq, müstəqil dövlətini hüquqi prinsiplər əsasında qurmaq iradəsinin parlaq təzahürü idi. Məhz həmin tarixdən etibarən ölkəmizdə hüquqi dövlət quruculuğunun, demokratik institutların formalaşmasının və insan hüquq və azadlıqlarının təmin edilməsinin möhkəm hüquqi əsası yaradıldı.
Konstitusiyanın hazırlanması və qəbul edilməsi müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin dövlətçilik siyasətinin mühüm nəticələrindən biri idi. Ulu Öndər yaxşı bilirdi ki, dövlət müstəqilliyini qorumaq və möhkəmləndirmək üçün ilk növbədə güclü hüquqi baza, işlək dövlət institutları və milli maraqlara söykənən idarəçilik sistemi formalaşdırılmalıdır. 1995-ci il Konstitusiyası məhz bu strateji yanaşmanın təcəssümü oldu.
Konstitusiyanın əsas prinsipləri sırasında dövlət suverenliyi, xalq hakimiyyəti, insan və vətəndaş hüquqlarının qorunması, hakimiyyət bölgüsü, qanunun aliliyi xüsusi yer tutur. Bu prinsiplər Azərbaycanın demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişafının əsas istiqamətlərini müəyyənləşdirir. Sənədin ən mühüm xüsusiyyətlərindən biri də insanı, onun hüquq və azadlıqlarını dövlət siyasətinin mərkəzinə yerləşdirməsidir.
Ötən illər ərzində ölkəmizdə həyata keçirilən siyasi, hüquqi və institusional islahatlar Konstitusiyanın müddəalarının zamanın tələblərinə uyğun təkmilləşdirilməsini zəruri edib. 2002, 2009 və 2016-cı illərdə keçirilən referendumlar nəticəsində Əsas Qanuna mühüm dəyişikliklər edildi. Bu dəyişikliklər dövlət idarəçiliyinin təkmilləşdirilməsi, insan hüquqlarının müdafiəsinin gücləndirilməsi və ictimai-siyasi münasibətlərin müasir tələblərə uyğunlaşdırılması baxımından əhəmiyyət daşıdı.
Bu gün Azərbaycan Konstitusiyasının tarixi əhəmiyyətindən danışarkən ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpası reallığını da xüsusi qeyd etmək lazımdır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə edilən tarixi Zəfər və 2023-cü ildə Azərbaycanın bütün ərazilərində suverenliyinin tam bərpası dövlətçilik tariximizin yeni səhifəsini açdı. Artıq Konstitusiyanın hüquqi qüvvəsi ölkəmizin bütün ərazisində təmin olunur. Bu, müstəqilliyimizin, dövlət suverenliyimizin və milli iradəmizin təntənəsidir.
Konstitusiya yalnız dövlət orqanlarının fəaliyyətini tənzimləyən hüquqi sənəd deyil. O, eyni zamanda vətəndaşın dövlət qarşısında hüquq və vəzifələrini müəyyənləşdirən, cəmiyyətdə hüquq mədəniyyətini formalaşdıran mühüm ictimai müqavilədir. Hər bir vətəndaşın öz hüquqlarını bilməsi, qanunlara hörmətlə yanaşması və dövlət qarşısında məsuliyyətini dərk etməsi güclü cəmiyyətin formalaşmasının vacib şərtidir.
Bu baxımdan Konstitusiya gününün mahiyyəti yalnız tarixi bir hadisəni qeyd etməklə məhdudlaşmır. Bu gün həm də dövlətçiliyimizə sədaqətin, hüquqa hörmətin, milli birliyin və vətəndaş məsuliyyətinin ifadəsidir. Əsas Qanun hər bir azərbaycanlının ortaq hüquqi dayağı, müstəqilliyimizin təminatlarından biri və gələcək nəsillərə ötürülən dövlətçilik mirasıdır.
Konstitusiya müstəqil Azərbaycanın hüquqi qalası, milli iradəmizin yazılı ifadəsi və dövlətçiliyimizin sarsılmaz dayağıdır. Onun prinsiplərinə sədaqət göstərmək, qanunun aliliyini qorumaq və hüquqi dövlət ənənələrini inkişaf etdirmək hər birimizin vətəndaşlıq borcudur. Çünki güclü dövlətin təməlində güclü qanun, güclü qanunun arxasında isə öz dövlətinə sahib çıxan xalq dayanır. Müstəqil Azərbaycanımızın gələcəyi də məhz bu möhkəm hüquqi təməl, milli birlik və dövlətçilik əzmi üzərində qurulur!
News365.az