Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində milli kimliyimizin, azadlıq və müstəqillik ideallarımızın təcəssümü olan müqəddəs rəmzlərimiz xüsusi yer tutur. Bu rəmzlər sırasında Dövlət Bayrağımız xalqımızın milli varlığını, tarixi yaddaşını, mənəvi dəyərlərini və müstəqil dövlətçilik iradəsini özündə birləşdirən ən əziz atributlardan biridir. Hər il noyabrın 9-da qeyd olunan Dövlət Bayrağı Günü yalnız dövlət rəmzinə ehtiramın ifadəsi deyil, həm də xalqımızın azadlıq mübarizəsinə, istiqlal tariximizə və milli dövlətçilik ənənələrimizə dərin hörmətin təzahürüdür.
Ümummilli Lider Heydər
Əliyevin qeyd etdiyi kimi: “Azərbaycan Bayrağı, sadəcə, bayraq deyil. O, bizim
dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir”. Bu fikirlər üçrəngli
bayrağımızın xalqımızın həyatında tutduğu əvəzsiz yeri və daşıdığı mənəvi yükü
aydın ifadə edir. Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı
Sərəncama əsasən, hər il noyabrın 9-u Azərbaycan Respublikasında Dövlət Bayrağı
Günü kimi qeyd olunur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 105-ci maddəsinə
uyğun olaraq bu gün qeyri-iş günü olan bayramlar sırasına daxil edilmişdir. Beləliklə,
Dövlət Bayrağı Günü xalqımızın milli qürur və həmrəylik bayramına çevrilmişdir.
Azərbaycan Respublikasının Dövlət Bayrağının
tarixi Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və milli istiqlal hərəkatı ilə
sıx bağlıdır. 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin
iclasında üçrəngli bayrağımız dövlət rəmzi kimi qəbul edilmiş və həmin iclasın
keçirildiyi Nazirlər Şurasının binası üzərində qaldırılmışdır. Mavi, qırmızı və
yaşıl rənglərdən ibarət bu bayraq 1920-ci ilin aprel ayınadək Azərbaycan Xalq
Cümhuriyyətinin dövlət bayrağı olmuşdur.
Üçrəngli bayrağımızın ideoloji mahiyyəti XX əsrin
əvvəllərində Azərbaycan milli istiqlal düşüncəsinin formalaşmasında mühüm rol
oynamış görkəmli mütəfəkkir Əli bəy Hüseynzadənin irəli sürdüyü “Türkləşmək,
islamlaşmaq və müasirləşmək” ideyası ilə bağlıdır. Bayrağımızın mavi rəngi
türkçülüyü, qırmızı rəngi müasirliyi və demokratik inkişafı, yaşıl rəngi isə
islam sivilizasiyasına mənsubluğu ifadə edir. Bu rənglərin vəhdəti xalqımızın
tarixi köklərinə, milli-mənəvi dəyərlərinə və ümumbəşəri ideallara bağlılığının
rəmzidir.
1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin
süqutundan sonra üçrəngli bayrağımız dövlət atributu kimi istifadədən çıxarılsa
da, xalqımızın milli yaddaşında, istiqlal arzularında və azadlıq ideallarında
yaşamaqda davam etmişdir. Müstəqillik düşüncəsinin qorunub saxlanılması və
milli dövlətçilik ənənələrinin bərpası istiqamətində Ümummilli Lider Heydər
Əliyevin tarixi xidmətləri isə xüsusi əhəmiyyət daşıyır.
1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən
sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar
Respublikasının Dövlət Bayrağı kimi qəbul edilmişdir. Eyni zamanda, muxtar
respublikanın adından “Sovet Sosialist” sözlərinin çıxarılması haqqında qərar
verilmişdir. Bu qərarlar sovet hakimiyyətinin hələ mövcud olduğu bir dövrdə
milli müstəqilliyə doğru atılmış cəsarətli və tarixi addımlar idi. Ulu Öndər həmin
hadisəni xatırlayaraq demişdir: “90-cı il noyabrın 17-də biz burada, Naxçıvan
Muxtar Respublikası Ali Sovetinin sessiyasında, mənim sədrlik elədiyim
sessiyada ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul
olunmuş Azərbaycan milli bayrağını qaldırdıq”.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin bu
qərarı Azərbaycanın milli dövlətçilik tarixində yeni mərhələnin başlanğıcını
qoydu. Ali Məclis üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi
tanınması ilə bağlı Azərbaycan SSR Ali Soveti qarşısında vəsatət qaldırdı.
1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan
Respublikasının Dövlət Bayrağı haqqında” Qanun qəbul edərək üçrəngli
bayrağımızı yenidən Dövlət Bayrağı elan etdi.
1991-ci il oktyabrın 18-də qəbul edilmiş “Azərbaycan
Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan
Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu bəyan edərək onun
dövlət rəmzlərini, o cümlədən üçrəngli bayrağını bərpa etdi. Beləliklə, 1918-ci
ildə istiqlalımızın rəmzi kimi qəbul edilmiş bayrağımız yenidən müstəqil Azərbaycanın
başı üzərində dalğalanmağa başladı.
Azərbaycan Respublikasının Dövlət Bayrağı ölkəmizin
Konstitusiyası ilə müəyyən edilmiş dövlət rəmzlərindən biridir. Konstitusiyanın
23-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının Dövlət Bayrağı eni bərabər
olan üç üfüqi zolaqdan ibarət düzbucaqlı parçadır. Yuxarı zolaq mavi, orta
zolaq qırmızı, aşağı zolaq isə yaşıl rəngdədir. Qırmızı zolağın ortasında ağ rəngli
aypara və səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti
1:2-dir. Bayrağın təsviri və istifadəsi müvafiq qanunvericilik aktları ilə tənzimlənir.
“Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında”
2004-cü il 8 iyun tarixli Qanun dövlət bayrağından istifadə qaydalarını və ona
dair tələbləri müəyyən edir. Konstitusiyanın 75-ci maddəsi isə hər bir vətəndaşın
dövlət rəmzlərinə hörmət etməsini vəzifə kimi təsbit edir. Bu baxımdan, bayrağa ehtiram yalnız mənəvi məsələ deyil, həm də
konstitusion öhdəlikdir.
Dövlət Bayrağının
ölkəmizin ictimai-siyasi həyatında xüsusi yer tutmasının bariz nümunələrindən
biri də Bakıda Dövlət Bayrağı Meydanının yaradılmasıdır. Prezident
İlham Əliyevin 2007-ci il noyabrın 17-də imzaladığı Sərəncamla yaradılan
meydanın təntənəli açılışı 2010-cu il sentyabrın 1-də keçirilmişdir. Burada
Dövlət Bayrağı Muzeyi də yaradılmış, 2010-cu il noyabrın 9-da açılmışdır.
2024-cü il noyabrın 8-də Dövlət Bayrağı Meydanı yenidən açılmış və Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev burada Dövlət Bayrağını ucaltmışdır.
Yenidənqurma işlərindən sonra meydanda dünyanın ən böyük bayraqlarından biri
deyil, dünyanın ən böyük bayrağı kimi təqdim edilən üçrəngli bayrağımız
dalğalanmağa başlamışdır. Dövlət Bayrağı Muzeyində isə Azərbaycanın qədim dövlətçilik
tarixini, müxtəlif tarixi dövrlərdə mövcud olmuş dövlət və xanlıqların
bayraqlarını əks etdirən eksponatlarla yanaşı, Vətən müharibəsində qazanılmış
tarixi Zəfərə həsr olunan “Zəfər qalereyası” ekspozisiyası da nümayiş
etdirilir. Azərbaycan Respublikasında
dövlət rəmzlərinə göstərilən ehtiramın daha bir ifadəsi 1993-cü il dekabrın
6-da təsis edilmiş “Azərbaycan Bayrağı” ordenidir. Bu
orden dövlətçilik ənənələrinin qorunması və inkişafı, ölkənin suverenliyinə və
milli maraqlarına xidmət edən fəaliyyətin qiymətləndirilməsi baxımından xüsusi əhəmiyyət
daşıyır.
Bu
gün üçrəngli Dövlət Bayrağımız Azərbaycanın suverenliyinin, müstəqilliyinin,
milli birliyinin və beynəlxalq nüfuzunun rəmzi kimi dünyanın müxtəlif ölkələrində,
beynəlxalq təşkilatların iqamətgahları qarşısında və ölkəmizin hər bir guşəsində
qürurla dalğalanır. Ulu Öndər Heydər Əliyevin “bu
yüksəkliklərə qalxmış bayraq bundan sonra heç vaxt enməyəcəkdir” fikri
xalqımızın müstəqillik əzminin və dövlətçiliyimizin sarsılmazlığının ifadəsidir.
Dövlət Bayrağı tariximizin, bu günümüzün və gələcəyimizin
rəmzidir. Onu qorumaq, uca tutmaq, gələcək nəsillərə sevdirmək hər bir Azərbaycan
vətəndaşının mənəvi borcudur. Çünki bayrağımızın ucalığı dövlətimizin qüdrətinin,
xalqımızın birliyinin və müstəqilliyimizin əbədiliyinin göstəricisidir.
Səyavuş Qasımov
Avrasiya Universitetinin rektoru,
siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent