Zibil qutularının yanında tapança tapan şəxs cəzalandırıldı

Zibil qutularının yanında tapança tapan şəxs cəzalandırıldı
16:40

Qanunsuz odlu silah əldə edib saxlamaqda təqsirləndirilən şəxsə cəza verilib.

News365.az-ın məlumatına görə, R.Y. Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinib və 1 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə araşdırması zamanı müəyyən edilib ki, R.Y. yaşadığı ərazidə zibil qutularının yanında tapança və daraq tapıb. O, silahı uşaqların əlinə keçməməsi üçün götürdüyünü, daha sonra polisə təhvil vermək qərarına gəldiyini bildirib. R.Y. saxlanılarkən tapançanı polisə təhvil vermək niyyətində olduğunu deyib.

Axtarış zamanı onun üzərindən Almaniya istehsalı “Waffenfabrik Walther” markalı, 7,65 mm çaplı “Walther PPK” tapançası və həmin silaha aid daraq aşkar edilərək götürülüb. Ekspertiza zamanı tapançanın texniki cəhətdən saz olduğu və atəş açmağa yararlı olduğu müəyyən edilib. Darağın da 7,65x17 mm çaplı patronlar üçün nəzərdə tutulduğu və işlək vəziyyətdə olduğu müəyyənləşdirilib.

R.Y. məhkəmədə ittihamı qismən etiraf edib. O, silahı saxlamaq niyyətinin olmadığını və polisə təhvil vermək istədiyini bildirib.

Lakin məhkəmə onun bu izahatını inandırıcı hesab etməyib. Qeyd olunub ki, R.Y. tapançanı hansı quruma təhvil verməyə apardığını konkret şəkildə izah edə bilməyib. Məhkəmə onun məhkəmədə verdiyi ifadələri müdafiə xarakterli hesab edib.

Məhkəmə R.Y.-nin əvvəllər məhkum olunmamasını, iki azyaşlı uşağının olmasını və ailənin yeganə gəlir gətirən şəxsi olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alıb. İş üzrə cəzanı ağırlaşdıran hal müəyyən edilməyib.

Nəticədə R.Y. Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyənləşdirilib.


Sizin reklam burada
Sizin reklam burada