Sosial şəbəkələrdə, xüsusilə “TikTok” platformasında xeyriyyəçilik adı altında pul toplanması və canlı yayımlarda istifadəçilərdən maddi yardım istənilməsi müzakirələrə səbəb olub. Bəzi şəxslərin insanların mərhəmət hissindən sui-istifadə edərək başqalarının hesabına xeyirxah obrazı yaratması da diqqət çəkir.
News365.az xəbər verir ki, aparıcı-aktyor Sərxan Kərəmoğlu bu cür hallara qarşı daha ciddi tədbirlərin görülməsinin vacibliyini bildirib.
Sənətçi aidiyyəti qurumları “TikTok”da xeyriyyəçilik adı altında pul toplayan və insanlardan davamlı şəkildə maddi yardım istəyən şəxslərə nəzarəti gücləndirməyə çağırıb.
Sərxan Kərəmoğlunun sözlərinə görə, başqalarının pulu hesabına yaxşılıq edənlər və sosial şəbəkələrdə dilənçiliklə məşğul olanlar cərimələnməli, qanunvericiliyə uyğun cəzalandırılmalıdırlar.
O qeyd edib ki, insanların hisslərindən sui-istifadəyə yol verilməməli, bu cür fəaliyyətlərə qarşı da müvafiq nəzarət mexanizmləri tətbiq olunmalıdır.