2027-ci ildən etibarən bəzi sahələrdə vergi güzəştlərinin dəyişdirilməsi, kuryerlər üçün isə sabit vergi mexanizminin tətbiqi nəzərdə tutulur. Bu dəyişikliklərin əsas məqsədi vergi yükünün daha ədalətli bölüşdürülməsi və sahibkarlar arasında yaranan fərqlərin aradan qaldırılmasıdır.
News365.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.
Deputatın sözlərinə görə, hazırda kuryerlər dövriyyələrinə uyğun olaraq vergiyə cəlb edilirlər. Növbəti ildən isə onlar üçün sabit verginin tətbiqi nəzərdə tutulur. Bu dəyişiklik xüsusilə dövriyyəsi nisbətən az olan kuryerlərin bəzi hallarda daha yüksək vergi ödəməsi ilə bağlı yaranan problemlərin aradan qaldırılmasına xidmət edir.
V.Bayramov qeyd edib ki, kənd təsərrüfatı sektorunda da vergi güzəştləri ilə bağlı dəyişikliklər planlaşdırılır. Belə ki, torpaq vergisi istisna olmaqla, aqrar sahədə digər vergilər üzrə güzəştlər tətbiq edilir. Növbəti ildən mənfəət vergisi üzrə mövcud 90 faizlik güzəşt mexanizminin dəyişdirilməsi də nəzərdə tutulur.
Deputat istehlak bazarındakı qiymət artımlarına da toxunub. O bildirib ki, qiymət dəyişikliklərinə təsir edən əsas amillərdən biri idxal olunan məhsulların qiymət siyasətidir.
Onun sözlərinə görə, 2027-ci ildə də qiymətlərə təsir göstərən başlıca amillərdən biri idxal siyasəti olacaq. Xüsusilə Azərbaycanın məhsul idxal etdiyi region ölkələrində qiymət dəyişikliklərinin baş verməsi daxili istehlak bazarında da özünü göstərəcək.
News365.az