“Təbriz” MTK-nın rəhbəri Nofəl Hacıyev və şirkətin icraçı direktoru Talış Məmmədov barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
News365.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən iclasda hökm elan olunub.
Hökmə əsasən, Nofəl Hacıyev 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Şirkətin icraçı direktoru Talış Məmmədova isə 1 il sınaq müddəti müəyyən edilməklə 3 il şərti cəza təyin olunub.
İş Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
İstintaq materiallarına əsasən, Nofəl Hacıyev 2018-2022-ci illərdə “Təbriz” MTK tərəfindən Bakının Nərimanov rayonunda inşa edilən yaşayış binasındakı eyni mənzilləri bir neçə şəxsə satıb. Bu yolla 172 vətəndaşa ümumilikdə 14 milyon manat ziyan vurulduğu bildirilir.
İttihama görə, vətəndaşlardan əldə edilən vəsaitin bir hissəsi “Atlant” İstirahət Mərkəzinin təmir-tikinti işlərinə yönəldilib. Nofəl Hacıyev istirahət mərkəzinin rəhbəri Tahir Qədəşovun kürəkəni olmaqla yanaşı, onun şərikidir.
Məhkəmə araşdırması çərçivəsində “Təbriz” MTK-nın Nərimanov rayonundakı yaşayış binası və Nabranda, dəniz sahilində yerləşən “Atlant” İstirahət Mərkəzi müsadirə edilib.///oxu.az