Azərbaycanın Fələstin mövqeyini niyə təhrif edirlər? – Politoloqdan TƏNQİD

Azərbaycanın Fələstin mövqeyini niyə təhrif edirlər? – Politoloqdan TƏNQİD
17:20

Azərbaycan Prezidenti İlham Əliyevin Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasa ünvanladığı təbrik məktubu ölkəmizin Fələstin məsələsində dəyişməz mövqeyinin növbəti təsdiqidir. Rəsmi Bakı Fələstin xalqının müstəqil dövlət qurmaq istəyini dəstəkləyir və münaqişənin beynəlxalq hüquq normaları əsasında həllinin tərəfdarıdır.

News365.az xəbər verir ki, bunu politoloq Turan Rzayev deyib.


O bildirib ki, Azərbaycan-Fələstin münasibətləri hər zaman müsbət istiqamətdə inkişaf edib. Rəsmi Bakı Fələstinin müstəqilliyini dəstəkləməklə yanaşı, bu ölkəyə humanitar yardımlar da göstərib. Hazırda Azərbaycanın Fələstində daimi nümayəndəliyi, Fələstinin isə Bakıda səfirliyi fəaliyyət göstərir.

Politoloqun sözlərinə görə, Prezident İlham Əliyevin təbrik məktubunda paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin yaradılmasına dəstəyin vurğulanması Azərbaycanın mövqeyinin dəyişməz olduğunu göstərir. Dövlət başçısının iki dövlət prinsipinə istinad etməsi də problemin beynəlxalq səviyyədə qəbul edilmiş qərarlar və hüquqi mexanizmlər əsasında həllinin vacibliyini ortaya qoyur.

T.Rzayev diqqətə çatdırıb ki, Azərbaycanın Fələstinə münasibəti yalnız siyasi dəstəklə məhdudlaşmır. Humanitar yardımların davam etdirilməsi ilə bağlı mesajlar da rəsmi Bakının Fələstin xalqının üzləşdiyi çətinliklərə həssas yanaşdığını göstərir.

Politoloq təəssüflə qeyd edib ki, Prezidentin Fələstinin müstəqilliyini dəstəkləyən mövqeyi bəzi dairələr tərəfindən məqsədyönlü şəkildə təhrif olunur. Onun sözlərinə görə, Türkiyədəki bəzi radikal mühafizəkar çevrələr sosial şəbəkələrdə Azərbaycanın addımını “ikiüzlülük” və “səmimiyyətsizlik” kimi təqdim edirlər.

O hesab edir ki, Azərbaycanın Fələstin məsələsində mövqeyi əvvəldən bəllidir və bu siyasətdə heç bir dəyişiklik baş verməyib.

T.Rzayev əlavə edib ki, İsrail tərəfindən Azərbaycanın Fələstin mövqeyinə görə hər hansı irad və ya narazılıq bildirilmədiyi halda, Türkiyədəki bəzi dairələrin rəsmi Bakının addımlarını tənqid etməsi diqqət çəkir. O, həmçinin Fələstin Prezidenti Mahmud Abbasın Türkiyənin Müstəqillik Günü ərəfəsində Kiprə səfəri və adanın bütövlüyü ilə bağlı açıqlamalarına Ankaranın ciddi reaksiya verməməsini xatırladıb.

Politoloq sonda vurğulayıb ki, Azərbaycan Fələstin xalqının haqq işini dəstəkləyir və bu istiqamətdə həm diplomatik, həm də humanitar fəaliyyətini davam etdirir.


Sizin reklam burada
Sizin reklam burada