Bankda manatla əmanət saxlayan vətəndaşlar gələn ildən əldə etdikləri faiz gəlirlərinin bir hissəsinə görə vergi ödəməli ola bilərlər. Söhbət hazırda müəyyən şərtlərlə gəlir vergisindən azad edilən depozit faizlərinə tətbiq olunan güzəştin müddətinin uzadılmamasından gedir.
News365.az xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov məlumat verib.
Deputatın sözlərinə görə, 2027-ci ildən qüvvəyə minməsi nəzərdə tutulan Vergi Məcəlləsinə dəyişikliklər layihəsində bir sıra vergi güzəştlərinin müddətinin artırılması təklif edilsə də, manatla yerləşdirilən bank əmanətlərindən əldə olunan faiz gəlirlərinə aid güzəştin uzadılması nəzərdə tutulmayıb.
Hazırda qüvvədə olan qaydalara əsasən, fiziki şəxslərin yerli banklarda və xarici bankların Azərbaycandakı filiallarında manatla yerləşdirdikləri depozitlər üzrə aylıq faiz gəlirlərinin 200 manatadək olan hissəsi vergidən azaddır.
Bundan başqa, manatla 18 ay və daha artıq müddətə yerləşdirilən, əsas məbləği isə 18 aydan tez qaytarılmayan əmanətlər üzrə faiz gəlirlərinin tam hissəsinə vergi güzəşti tətbiq olunur.
Vüqar Bayramov bildirib ki, mövcud güzəştin müddəti artırılmasa, 2027-ci ildən aylıq faiz gəliri 200 manatı keçən əmanətçilər artıq hissəyə görə gəlir vergisi ödəməli olacaqlar.
Məsələn, bankda saxladığı əmanətdən ayda 500 manat faiz qazanan şəxsin 300 manatlıq gəlirinə vergi tətbiq edilə bilər.
Deputat hesab edir ki, bu güzəştin davam etdirilməsi təkcə əmanətçilərin deyil, bütövlükdə bank sektorunun maraqlarına uyğundur. Onun açıqladığı statistikaya görə, hazırda bankların ümumi öhdəliklərinin 76,4 faizi, yaxud 41,8 milyard manatı depozitlərin payına düşür. Bu vəsaitlərin 57,4 faizi hüquqi şəxslərin, 42,6 faizi isə fiziki şəxslərin əmanətləridir.
Fiziki şəxslərin banklardakı əmanətlərinin 64,7 faizini müddətli depozitlər təşkil edir. Deputatın sözlərinə görə, vergi güzəştlərinin tətbiqindən sonra unikal əmanətçilərin sayı 106,7 mindən 226,1 minə yüksəlib. Unikal müddətli əmanətçilərin sayı isə ilin əvvəlindən 16,4 faiz artıb.
Vüqar Bayramov qeyd edib ki, üç il əvvəl tətbiq edilən vergi güzəştləri əmanət bazarının strukturuna müsbət təsir göstərib. Bununla yanaşı, bank sektorundakı dəyişikliklərdə Mərkəzi Bankın sağlamlaşdırma tədbirləri və həyata keçirilən islahatların da rolu olub.
Deputatın diqqət çəkdiyi digər məqam isə uzunmüddətli depozitlərin iqtisadiyyat üçün əhəmiyyətidir. Onun fikrincə, 2030-cu ilədək biznes kreditlərinin payının artırılması hədəfinə çatmaq üçün bankların uzunmüddətli maliyyə resurslarına ehtiyacı var. Bu baxımdan, əhalinin uzun müddətə əmanət yerləşdirməsinin stimullaşdırılması vacibdir.
Vüqar Bayramov 18 ay və daha artıq müddətə yerləşdirilən manat əmanətləri üzrə faiz gəlirlərinə tətbiq edilən vergi güzəştinin daha üç il uzadılmasını təklif edib. Deputat bu təklifi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında da səsləndirdiyini bildirib.
Onun qənaətinə görə, güzəştin davam etdirilməsi bankların uzunmüddətli resurs bazasını gücləndirə, əmanətçilərin maraqlarını qoruya və iqtisadi islahatlara dəstək verə bilər.
News365.az